Dövlət Miqrasiya Xidmətinin rəisi BQXK-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul etmişdir
18 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Şerin Pollinini qəbul etmişdir.
Qonağı səmimi salamlayan Xidmət rəisi Firudin Nəbiyev rəhbəri olduğu qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığından bəhs etmiş, BQXK-nin müharibə zonasında yaşayan şəxslərin müəyyən problemlərinin həlli istiqamətində fəaliyyətindən məmnunluq hissi duyduğunu ifadə etmiş və keçirilən ikitərəfli görüşlərin tərəflər üçün əhəmiyyətli olacağına əminliyini bildirmişdir.
BQXK-nin 1992-ci ildən Azərbaycanda fəaliyyətə başladığı barədə geniş məlumat verən Şerin Pollini təşkilatın Azərbaycandakı fəaliyyət istiqamətləri haqqında ətraflı danışmış, əsasən humanitar fəaliyyətlə məşğul olduqlarını, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslər barəsində axtarış sorğularının aparılması, əsir və girov götürülmüş şəxslərin qaytarılması istiqamətində işlər apardıqlarını vurğulamışdır.
Görüş zamanı qonaqları miqrasiya sahəsində maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Görüşdə BQXK-nin Müdafiə proqramının koordinatoru Qvenell Fontana da iştirak etmişdir.