Cari ilin 5 ayı ərzində Azərbaycan Respublikasına 354 nəfər Filippin vətəndaşı gəlmişdir
25 iyun 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə Filippin Respublikasının vətəndaşı olan bir qadın ona sığınacaq verilməsi ilə bağlı müraciət etmişdir. Şəxs Dövlət Miqrasiya Xidmətinin sığınacaq axtaran şəxslər üçün nəzərdə tutulmuş və beynəlxalq standartlara uyğun təchiz edilmiş sığınacaq mərkəzində yerləşdirilmişdir. Mövcud qanunvericiliyin tələbləri çərçivəsində şəxslə bağlı araşdırma aparılmış, müsahibə zamanı o, şəxsiyyətini təsdiq edən sənədləri olmadığını və bu səbəbdən də ölkəsinə qaytarılması üçün ona yardım edilməsini xahiş etmişdir.
28 iyun 2012-ci il tarixdə sığınacaq mərkəzində könüllü olaraq yerləşdirilmiş Filippin vətəndaşı ilə Ombudsman Aparatının nümayəndələri və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbərliyi görüşmüş, şəxsin sığınacaq mərkəzindəki şəraiti ilə yerində tanış olmuşlar. Hər iki qurumun nümayəndələri yaradılan şəraitin qənaətbəxş olduğunu bildirmişlər. Filippinli qadının ölkəsinə qaytarılmasında BMqT Dövlət Miqrasiya Xidmətinə yardımını təklif etmişdir. Şəxslə bağlı məlumatlar BMqT vasitəsilə Filippin Respublikasının Ankaradakı səfirliyinə göndərilmişdir. Hazırda həmin şəxsin ölkəsinə qaytarılması istiqamətində birgə tədbirlər davam etdirilir.
Yuxarıda qeyd olunanlarla bağlı bəzi qeyri-hökumət təşkilatları mövcud vəziyyətdən öz maraqları üçün istifadə etməyə cəhd göstərir və ictimaiyyətə bu barədə yanlış məlumatlar verirlər. Belə ki, “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin Prezidenti Əlövsət Əliyevin internet səhifələrində Filippin vətəndaşının insan alverinin qurbanı olmasını iddia etməsinə baxmayaraq, onun Dövlət Miqrasiya Xidmətinə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, şəxslə bağlı toplanmış materiallar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən araşdırılmış, Filippin vətəndaşının insan alverinin qurbanı olmaması müəyyənləşdirilmiş və cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir.
Eyni zamanda, “Azərbaycan Miqrasiya Mərkəzi” tərəfindən internet səhifələrində “2012-ci ilin birinci yarısında Azərbaycana 900 nəfərədək Filippin vətəndaşının gəldiyi, bu şəxslərin ölkə ərazisində uzun müddət qalmaq və işləmək üçün icazə almadıqları, eyni zamanda, onların ölkədən çıxmadıqları və olduqları yer haqqında məlumatların olmadığı” barədə verilən yazıların heç bir əsası yoxdur.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində olan rəsmi məlumatlara əsasən, cari ilin beş ayı ərzində Azərbaycan Respublikasının ərazisinə ümumilikdə 354 nəfər Filippin vətəndaşı daxil olmuşdur. Onlardan 208 nəfəri viza müddəti bitdikdən sonra ölkə ərazisini tərk etmişdir. 107 nəfəri Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq icazələr əsasında hazırda ölkə ərazisində yaşayır. Olma müddəti bitmiş 39 filippinlinin isə aşkar edilərək barələrində müvafiq qərarlar qəbul edilməsi üçün lazımi tədbirlər davam etdirilir.