Ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 61 əcnəbi saxlanılmışdır
Azərbaycan Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.
11-16 iyun 2012-ci il tarixlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən ölkənin paytaxtında, həmçinin Salyan, Lənkəran, Masallı və Yardımlı rayonlarında qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilmişdir. Keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 61 əcnəbi aşkar edilərək barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilmişdir.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.