Ağsuda ictimaiyyətin miqrasiya sahəsində məlumatlandırılmasına dair tədbir keçirilmişdir
Azərbaycan Respublikasının regionlarında Dövlət Miqrasiya Xidmətinin rayon və şəhər icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə ictimaiyyətin miqrasiya sahəsində məlumatlandırılmasına dair tədbirlər davam etdirilir.
Növbəti belə tədbir 5 iyun 2012-ci il tarixdə Ağsu şəhərində təşkil edilmişdir. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Aparatının vəzifəli şəxsləri, Ağsu, həmçinin Şamaxı, Göyçay, Kürdəmir, Ağdaş, İsmayıllı rayonlarının icra hakimiyyətlərinin və yerli özünüidarəetmə, hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələri, o cümlədən bir sıra müəssisə və təşkilat rəhbərləri, əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri işə qəbul edən sahibkarlar, KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Ağsu rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov açmışdır. Daha sonra Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə işəgötürənlər tərəfindən fərdi icazələrin alınması və müddətlərinin uzadılması, onların yaşayış yerləri üzrə qeydiyyata alınması prosedurları, miqrasiya sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət, həmçinin miqrasiya ilə bağlı digər məsələləri tənzimləyən qanunvericilik aktları barədə məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.
Tədbirdə Baş idarə rəisi Vahid Qəhramanov və idarə rəisinin müavini Nazim Salmanov tərəfindən Azərbaycan Respublikasında miqrasiyanın mühüm sahələrini əhatə edən məsələlərlə bağlı məlumatlar verilmiş, həyata keçirilən kompleks tədbirlərin mühümlüyünə diqqət çəkilmişdir. Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində iqtisadiyyatın bütün sahələrindəki sürətli inkişafa diqqət çəkən Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli nümayəndələri çıxışları zamanı qeyd ediblər ki, məhz bu amil Azərbaycan Respublikasını xarici investorlar və əməkçi miqrantlar üçün cəlbedici ölkəyə çevirmişdir.
Tədbirdə həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin vəzifə və hüquqları barədə də məlumatlar verilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 22 (iyirmi iki) iş günü qalmış Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər. Azı iki il Azərbaycan Respublikasında qanuni əsaslarla müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə “İmmiqrasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ölkə ərazisində daimi yaşamaq hüququ (immiqrant statusu) verilə bilər.
Həmçinin məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Əmək miqrasiyası haqqında” Azərbaycan Respublıikasının Qanununa əsasən fərdi iş icazəsi almalıdırlar. Bu məqsədlə onlar yalnız işəgötürənin vasitəsilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər. Fərdi icazənin müddəti bitdikdə və ya əmək müqaviləsi pozulduqda əməkçi miqrant Azərbaycan Respubikasını tərk etməlidir.
Tədbir iştirakçılarına eyni zamanda, Azərbaycan Respublikasında olma, yaşama və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olma qaydalarını pozmasına görə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339 və 340-cı maddələri ilə tətbiq olunan sanksiyalar barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikası ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla 300 manatdan 400 manatadək miqdarda cərimə edilirlər. İşəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər 30.000 manatdan 35.000 manatadək miqdarda cərimə edilir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Xidmətin vəzifəli şəxsləri tərəfindən cavablandırılmışdır.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ictimaiyyətin miqrasiya sahəsində məlumatlandırılmasına dair tədbirləri digər regionlarda da davam etdirir.