Gəncədə ictimaiyyətin miqrasiya sahəsində məlumatlandırılmasına dair tədbir keçirilmişdir

Azərbaycan Respublikasının regionlarında Dövlət Miqrasiya Xidmətinin rayon və şəhər icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə ictimaiyyətin miqrasiya sahəsində məlumatlandırılmasına dair tədbirlər davam etdirilir.

Növbəti belə tədbir 1 iyun 2012-ci il tarixdə Gəncə şəhərində təşkil edilmişdir. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Aparatının vəzifəli şəxsləri, Gəncə şəhərinin, həmçinin Şəmkir, Tovuz, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Goranboy, Naftalan rayonlarının icra hakimiyyətlərinin və yerli özünüidarəetmə, hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələri, o cümlədən bir sıra müəssisə və təşkilat rəhbərləri, əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri işə qəbul edən sahibkarlar, KİV nümayəndələri iştirak etmişlər.

Gəncə şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham Əliyev tədbiri açıq elan edərək, onun ictimai əhəmiyyətindən danışmışdır. Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisləri İsmayıl Abdullayev, Elxan Vəliyev və Yevlax şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin rəisi İkram Abdullayev öz növbələrində Azərbaycan Respublikasında miqrasiya sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə məlumatlar vermişlər. Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisi İsmayıl Abdullayev çıxış edərək bildirmişdir ki, son illər Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində iqtisadiyyatın bütün sahələri sürətlə inkişaf edir. Bu amil Azərbaycan Respublikasını xarici investorlar və əməkçi miqrantlar üçün cəlbedici ölkəyə çevirmişdir.

Daha sonra Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə işəgötürənlər tərəfindən fərdi icazələrin alınması və müddətlərinin uzadılması, onların yaşayış yerləri üzrə qeydiyyata alınması prosedurları, miqrasiya sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət, həmçinin miqrasiya ilə bağlı digər məsələləri tənzimləyən qanunvericilik aktları barədə məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.

Bildirilmişdir ki, Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanuna əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına müvəqqəti və ya daimi yaşamaq üçün gələ bilər və ya onun ərazisində müvəqqəti ola bilərlər. Azərbaycan Respublikası ərazisində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış və ya olduğu yer üzrə qeydiyyata alınmalı və onlar üçün müəyyən edilmiş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

Qeyd edilmişdir ki, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 22 (iyirmi iki) iş günü qalmış Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər. Azı iki il Azərbaycan Respublikasında  qanuni əsaslarla müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə “İmmiqrasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ölkə ərazisində daimi yaşamaq hüququ (immiqrant statusu) verilə bilər.

Həmçinin iştirakçılara çatdırılmışdır ki, Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Əmək miqrasiyası haqqında” Azərbaycan Respublıikasının Qanununa əsasən fərdi iş icazəsi almalıdırlar. Bu məqsədlə onlar yalnız işəgötürənin vasitəsilə Azərbaycan Respublikasının Dövlət  Miqrasiya Xidmətinə müraciət etməlidirlər. Fərdi icazənin müddəti bitdikdə və ya əmək müqaviləsi pozulduqda əməkçi miqrant Azərbaycan Respubikasını tərk etməlidir.

Tədbir iştirakçılarına eyni zamanda, Azərbaycan Respublikasında olma, yaşama və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olma qaydalarını pozmasına görə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339 və 340-cı maddələri ilə tətbiq olunan sanksiyalar barədə ətraflı məlumat verilmişdir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Xidmətin vəzifəli şəxsləri tərəfindən cavablandırılmışdır.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən ictimaiyyətin miqrasiya sahəsində məlumatlandırılmasına dair tədbirlər digər regionlarda da davam etdirilir.  


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur