Dövlət Miqrasiya Xidməti tərəfindən iki gün ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 656 əcnəbi saxlanılmışdır
Azərbaycan Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər mütəmadi olaraq davam etdirilir.
Xidmət əməkdaşları tərəfindən respublikanın şimal bölgəsində iki gün ərzində aparılan yoxlamalar nəticəsində ümumilikdə 656 əcnəbi saxlanılmışdır. Belə ki, 30-31 may 2012-ci il tarixlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən ölkənin Quba və Qusar rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş 656 əcnəbi aşkar edilmişdir. Saxlanılan şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilmişdir.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında intensiv tədbirlər davam etdirilir.