Miqrasiya məsələlərinə həsr olunmuş növbəti tədbir Yevlaxda keçirilmişdir

31 May 2012-ci il tarixdə Dövlət Miqrasiya Xidməti ilə Yevlax şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığıyla miqrasiya məsələlərinə həsr olunmuş regional müşavirə keçirilmişdir.

Müşavirədə Yevlaxla yanaşı Tərtər, Bərdə, Ağdam, Mingəçevir, Zərdab, Ağcabədi, Ucar, Beyləqan və Füzuli rayonlarının hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələri, icra hakimiyyətlərinin məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və yerli sahibkarlar iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Yevlax şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Qənimət Qaraşov açmışdır. Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi İsmayıl Abdullayev çıxış edərək bildirmişdir ki, son illər Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində iqtisadiyyatın bütün sahələri sürətlə inkişaf edir. Bu amil Azərbaycan Respublikasını xarici investorlar və əməkçi miqrantlar üçün cəlbedici ölkəyə çevirmişdir.

İ.Abdullayev Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olmasını, müvəqqəti və daimi yaşamasını, onların haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsini tənzimləyən normativ-hüquqi aktların müddəaları barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Müşavirənin sonunda iştirakçıları maraqlandıran suallar Xidmətin vəzifəli şəxsləri tərəfindən cavablandırılmışdır.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən  ictimaiyyətin miqrasiya sahəsində məlumatlandırılmasına dair tədbirlər digər regionlarda da davam etdirilir. 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur