Ölkə regionlarında ictimaiyyətin miqrasiya sahəsində məlumatlandırılmasına dair tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının regionlarında Dövlət Miqrasiya Xidmətinin rayon və şəhər icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə ictimaiyyətin miqrasiya sahəsində məlumatlandırılmasına dair tədbirlər davam etdirilir.

Növbəti belə tədbir 30 may 2012-ci il tarixdə Lənkəran şəhərində təşkil edilmişdir. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Aparatının vəzifəli şəxsləri, Lənkəran şəhərinin, həmçinin Biləsuvar, Masallı, Cəlilabad, Astara, Lerik və Yardımlı rayonlarının icra hakimiyyətlərinin və yerli özünüidarəetmə, hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələri, o cümlədən bir sıra müəssisə və təşkilat rəhbərləri, əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri işə qəbul edən sahibkarlar, KİV nümayəndələri iştirak etmişlər.

Lənkəran şəhər icra hakiminin birinci müavini İlqar Dadaşov tədbiri açıq elan edərək, onun ictimai əhəmiyyətindən danışmışdır. Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisi İsmayıl Abdullayev, idarə rəisinin müavini Nazim Salmanov və Lənkəran Regional Miqrasiya İdarəsinin rəis müavini Ağa Ağayevin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasında miqrasiya sahəsində həyata keçirilən kompleks tədbirlər barədə geniş məlumar verilmişdir. Həmçinin Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə işəgötürənlər tərəfindən fərdi icazələrin alınması və müddətlərinin uzadılması, onların yaşayış yerləri üzrə qeydiyyata alınması prosedurları, miqrasiya sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət, həmçinin miqrasiya ilə bağlı digər məsələləri tənzimləyən qanunvericilik aktları barədə məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Xidmətin vəzifəli şəxsləri tərəfindən cavablandırılmışdır.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən  ictimaiyyətin miqrasiya sahəsində məlumatlandırılmasına dair tədbirlər digər regionlarda da davam etdirilir.  


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur