İctimaiyyətin miqrasiya sahəsində məlumatlandırılmasına dair tədbirlər ölkənin regionlarında da gücləndirilmişdir
Azərbaycan Respublikasının regionlarında Dövlət Miqrasiya Xidmətinin rayon və şəhər icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə ictimaiyyətin miqrasiya sahəsində məlumatlandırılmasına dair tədbirlərinə start verilmişdir.
Bu silsilədən olan ilk tədbir 29 may 2012-ci il tarixdə Şirvan şəhərində baş tutmuşdur. Müşavirədə Dövlət Miqrasiya Xidmətinin Aparatının vəzifəli şəxsləri, Şirvan, Sabirabad, Saatlı, İmişli, Neftçala, Salyan və Hacıqabul rayonlarının icra hakimiyyətlərinin və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələri, həmçinin bir sıra müəssisə və təşkilat rəhbərləri, əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri işə qəbul edən sahibkarlar, KİV nümayəndələri iştirak etmişlər.
Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisi Vahid Qəhramanov və idarə rəisinin müavini Nazim Salmanov tərəfindən Azərbaycan Respublikasında miqrasiya sahəsində həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə işəgötürənlər tərəfindən fərdi icazələrin alınması və müddətlərinin uzadılması, onların yaşayış yerləri üzrə qeydiyyata alınması prosedurları, miqrasiya sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət, həmçinin miqrasiya ilə bağlı digər məsələləri tənzimləyən qanunvericilik aktları barədə məlumatlar müşavirə iştirakçılarının nəzərinə çatdırılmışdır.
Müşavirənin sonunda iştirakçıları maraqlandıran suallar Xidmətin vəzifəli şəxsləri tərəfindən cavablandırılmışdır.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən ictimaiyyətin miqrasiya sahəsində məlumatlandırılmasına dair tədbirlər digər regionlarda da davam etdirilir.