Ulu öndər Heydər Əliyevin 89-cu ildönümü münasibətilə Dövlət Miqrasiya Xidmətində silsilə tədbirlər davam etdirilmişdir.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində silsilə tədbirlər davam etdirilmişdir.

10 May 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Fəxri Xiyabanda olmuşdur.

Xidmətin əməkdaşları xalqımızın Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə tər güllər düzmüşlər.

Sonra tədbir Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Heydər Əliyev Muzeyində davam etdirilmişdir. Ümummilli lider Heydər Əliyevin irsinin gənc nəsillərə çatdırılmasının vacibliyini qeyd edən Xidmət rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev ölkəmizin sosial-iqtisadi həyatının inkişafında və yüksəlişində Ulu öndərin əvəzsiz xidmətlərindən danışmışdır. F.Nəbiyev bildirmişdir ki, müstəqilliyimizin ilk illərində ölkəmiz parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasi və iqtisadi islahatlarla Azərbaycanda ictimai-siyasi vəziyyət stabilləşmiş, dövlətin iqtisadi, siyasi və hərbi qüdrəti artmışdır. Məhz bu inkişafın nəticəsidir ki, Azərbaycan Respublikası bu gün əcnəbilər üçün cəlbedici dövlətə çevrilmişdir.

Xidmət rəisi vurğulamışdır ki, böyük strateq Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri, eyni zamanda onun ciddi təmələ əsalanmaqla həyata keçirdiyi iqtisadi strategiya öz parlaq nəticələrini verməkdədir. Məhz bunun nəticəsidir ki, Azərbaycan 1993-cü ildən ötən müddətdə inanılmaz yol qət edərək bir sıra Qərb dövlətlərinin onilliklər ərzində zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə nail olmuş, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi uğurlar əldə etmişdir.

F.Nəbiyev qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan dünyada davamlı inkişaf edən azsaylı ölkələrdən biridir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qeyri-daimi üzvü seçilməsi isə onun dünyada artan nüfuzundan xəbər verir.

Dahi öndərə məxsus “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamının dərin məna kəsb etdiyini vurğulayan Xidmət rəisi çıxışının sonunda “miqrasiya orqanları əməkdaşları olaraq fəxr edirik ki, bizim hər birimizin Ulu öndəri Heydər Əliyev kimi dahi şəxsiyyətdir. Biz Ümummilli lider Heydər Əliyevin xalqına, millətinə qoyub getdiyi müasir Azərbaycan dövlətinə şərəflə xidmət etməli və bu dahi şəxsiyyətin ruhunu daim yüksək, layiqli əməllərimizlə şad etməliyik” - deyə bildirmişdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur