Dövlət Miqrasiya Xidmətində sənədlərin yoxlanılmasına dair treyninq-seminar keçirilmişdir

10-12 aprel 2012-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təlim-Tədris mərkəzində “Sənədlərin yoxlanılması”na dair 3 günlük treyninq-seminar təşkil edilmişdir. Seminar Niderland Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü və bu ölkədən dəvət edilmiş ekspertlərin iştirakı ilə keçirilmişdir.

 

Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev ekspert və iştirakçıları salamlayaraq, may ayında ölkəmizdə keçiriləcək “Avroviziya-2012” mahnı müsabiqəsi ərəfəsində Niderland Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən belə bir seminarın təşkilini təqdirəlayiq hal kimi qiymətləndirmişdir. Saxta sənədlərin aşkarlanmasının ölkədə təhlükəsizliyin qorunmasında mühüm rol oynadığını qeyd edən P.Musayev seminar iştirakçılarına uğurlar diləmişdir.

 

Sonra seminar öz işinə başlamışdır. Seminarın birinci mərhələsində beynəlxalq ekspertlər cənab Erik Geetsman və xanım Simone Van Beek  iştirakçılara sənədlərin, xüsusən də səyahət sənədlərinin yoxlanılma qaydaları, təhlükəsizlik xüsusiyyətləri və çap texnikası barədə məruzələr etmişlər. Həmçinin adıçəkilən mövzularla bağlı qısa filmlər nümayiş etdirilmiş, saxta sənədlərin aşkarlanma prosesləri əyani şəkildə göstərilmişdir.

 

Seminarın ikinci mərhələsində elektron pasport və pasport növləri,  həmçinin impostorlar və impostor hallarının aşkar edilməsi metodları barədə iştirakçılara geniş məlumat verilmişdir.

 

Seminarın sonuncu günündə Niderland Krallığının Azərbaycan Respublikasındakı Səfiri cənab Aryen Uyterlinde sertifikatların təqdimetmə mərasimində iştirak etmişdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur