Türkiyə Respublikasının ölkəmizdəki səfiri Hulusi Kılıç Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevlə görüşmüşdür
5 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıçı və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Xidmət rəisi qonaqları səmimi salamlayaraq bu günlərdə Azərbaycan Türkiyə İş Adamları Birliyinin idarə heyəti üzvlərini qəbul etdiyini və bir sıra əhəmiyyətli məsələlərin müzakirə olunduğunu nəzərə çatdırmışdır. F.Nəbiyev Ulu öndər Heydər Əliyevin qəlbləri fəth edən “bir millət, iki dövlət” kəlamını xatırladaraq, Azərbaycan-Türkiyə əlaqələrindən, digər sahələrdə olduğu kimi miqrasiya sahəsində də ikitərəfli münasibətlərin gələcəkdə inkişaf etdirilməsindən söz açmışdır.
Yeni təyinatı ilə bağlı Xidmət rəisini təbrik edən səfir H.Kılıç Türkiyə dövləti olaraq hər zaman Azərbaycanın yanında olacaqlarını bildirmişdir. Türk dünyasının lideri dahi Mustafa Kamal Atatürkə məxsus “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kəlamını xatırladan səfir son illərdə Azərbaycanın iqtisadi inkişafından qürur duyduqlarını dilə gətirmişdir.
Daha sonra Firudin Nəbiyev Miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə 2009-cu ilin iyulundan tətbiq edilən "bir pəncərə" prinsipinin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, Dövlət Miqrasiya Xidmətinə daxil olan hər bir müraciət fərdi yanaşma tətbiq edilməklə ölkə qanunvericiliyinin tələbləri çərçivəsində araşdırılır və müvafiq qərarlar qəbul edilir. Xidmət rəisi qonaqlara ölkəmizdə qanuni əsaslarla yaşayan və çalışan Türkiyə Respublikası vətəndaşlarının sayı barədə statistik məlumatlar vermiş və bir daha onları Azərbaycan Respublikasının qanunvericiliyinə riayət etməyə çağırmışdır.
Görüşdə Səfirin təhlükəsizlik məsələləri üzrə müşaviri İsmayıl Çalışqan, əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Mustafa Gür və konsul Məryəm Tığraq iştirak etmişlər.