Dövlət Miqrasiya Xidmətinin rəisi BMT QAK-ın Azərbaycandakı nümayəndəsini qəbul etmişdir

4 Aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Respublikasındakı nümayəndəsi Daq Siqurdsonu qəbul etmişdir.

 

Qonağı səmimi salamlayan Firudin Nəbiyev rəhbəri olduğu qurumla nümayəndəlik arasında əməkdaşlıqdan bəhs etmiş, BMT QAK-ın Azərbaycan Respublikası ərazisində yaşayan sığınacaq axtaran şəxslərin və qaçqınların probleminə öz mandatına uyğun olaraq həssaslıqla yanaşmasından, həmin şəxslərin problemlərinin həlli istiqamətində fəaliyyətindən məmnunluq hissi duyduğunu ifadə etmiş və keçirilən görüşlərin tərəflər üçün əhəmiyyətli olacağına əminliyini bildirmişdir.

 

Görüş zamanı Firudin Nəbiyev qaçqın statusunun müəyyənləşdirilməsi ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat vermiş və sözügedən sahədə qarşılıqlı məlumat mübadiləsinin effektiv ola biləcəyini söyləmişdir.

 

Daq Siqurdson öz növbəsində Xidmət rəisini yeni təyinatı münasibətilə təbrik etmiş, ona xidməti fəaliyyətində uğurlar arzulamışdır. Qonaq Xidmətin yarandığı beş il ərzində təmsil etdiyi qurumun nümayəndəliyi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti arasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, o cümlədən ixtisaslı kadrların hazırlanması üçün müvafiq treninq və seminarların, təcrübə mübadilələrinin davam etdirilməsinin vacibliyini qeyd etmişdir.

 

Daq Siqurdson, eyni zamanda, BMT QAK-ın himayəsində yaşayan şəxslərin əmək bazarında və bank sektorunda qarşılaşdıqları problemlərdən və bu problemlərin həlli yollarından söz açmışdır.

 

Xidmət rəisi ölkə ərazisində BMT QAK-ın himayəsində yaşayan şəxslərə Azərbaycan hökumətinin tolerant münasibət göstərdiyini, hər bir şəxsin müraciətnə fərdi yanaşma tətbiq edildiyini, bu qəbildən olan insanların problemlərinin həlli istiqamətində Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində addımlar atıldığını və bundan sonra da bu səylərin davam etdiriləcəyini nəzərə çatdırmışdır. 

 

Sonda tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur