Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə heyətinin rəsmiləri Dövlət Miqrasiya Xidmətində olmuşdur

3 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə heyətinin sədri Cemal Yangının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüş zamanı Xidmət rəisi Firudin Nəbiyev miqrasiya sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirildiyini, miqrasiya proseslərinin tənzimlənməsinə və idarə olunmasına dövlət nəzarətinin gücləndirildiyini diqqətə çatdırmışdır.

Görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq, eləcə də ATİB-ə üzv olan şirkətlərə cəlb edilən əcnəbilərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları və yaşamaları üçün müvafiq icazələrin verilməsi məsələləri ilə bağlı müzakirələr aparılmışdır. Azərbaycan ərazisində yaşamalarını leqallaşdırmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edənlərin arasında daha çox qardaş Türkiyə dövlətinin vətəndaşlarının üstünlük təşkil etdiyini qeyd edən Xidmət rəisi bunu müsbət hal kimi qiymətləndirmişdir. Bununla yanaşı, Xidmət rəisi ATİB-ə üzv olan şirkətlər və Dövlət Miqrasiya Xidməti arasında əməkçi miqrantlarla bağlı mütəmadi məlumat mübadiləsinin aparılmasının vacibliyini vurğulamışdır.

Görüş zamanı həmçinin Azərbaycan Respublikasının müxtəlif regionlarında fəaliyyət göstərən Regional Miqrasiya İdarələri barədə məlumat verilmiş, regionlarda fəaliyyət göstərən şirkətlərin zərurət yarandığı halda birbaşa bu idarələrə müraciət edə biləcəkləri nəzərə çatdırılmışdır.

Xidmət rəisi Firudin Nəbiyev qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini və hər iki tərəfin qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində birgə səylərinin davam etdirilməsinin zəruriliyini vurğulamışdır.

Sonda səmimi qəbula görə təşəkkürlərini bildirən qonaqlar Xidmət rəisini yeni təyinatı münasibətilə təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışlar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur