Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 5-ci ildönümü,  Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə təntənəli mərasim keçirilmişdir

19 Mart 2012-ci il tarixdə Dövlət Miqrasiya Xidmətində qurumun yaradılmasının 5-ci ildönümü, Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə təntənəli mərasim keçirilmişdir.

Mərasim iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək, Ulu öndər, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmişlər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

Xidmət əməkdaşları həmçinin Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın unudulmaz xatirəsini yad etmiş, məzarları üzərinə tər qərənfillər düzmüşlər.

Dövlət Miqrasiya Xidmətinin 5-ci ildönümü və peşə bayramı günü münasibətilə keçirilən tədbirdə Xidmət rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev öncə miqrasiya orqanları işçilərini Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 5-ci ildönümü, həmçinin peşə bayramı günü münasibətilə təbrik etmişdir. O, bildirmişdir ki, son illərdə bütün dünyada getdikcə sürətlənən və miqyasını durmadan genişləndirən qloballaşma proseslərinin əsas faktorlarından biri də məhz miqrasiya amilidir. Ümummilli lider Heydər Əliyev öz müdrikliyi və uzaqgörənliyi ilə bu prosesin mahiyyətini açıqlayaraq demişdir: “Miqrasiya təbii prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən pozitiv xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir”. Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin edilməsi, enerji-nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda, ölkəmizin geosiyasi mövqeyi qloballaşma kontekstində miqrasiya proseslərinin daha da intensivləşməsinə gətirib çıxarmışdır. Eyni zamanda, ölkəmizin bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması nəticəsində respublikamızın ərazisindən tranzit qaydada keçən və ya qısa müddətə gələn, üçüncü dövlətlərə getmək istəyən, yaxud qanuni əsaslar olmadan ölkə ərazisində yaşamaq istəyən əcnəbilərin sayının artmasına səbəb olmuşdur. Bütün bunlar ölkənin inkişafı və təhlükəsizliyinin təmini baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, habelə bu sahədə beynəlxalq əməkdaşlıq obyektiv zərurətə çevrilmişdir. Bütün bu reallıqları nəzərə alan Prezident cənab İlham Əliyev son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin etmişdir.

Xidmət rəisi bildirmişdir ki, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılmış, əsaslı tədbirlər həyata keçirilmişdir. Belə ki, 2004-cü ildə hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən "Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası"  qəbul edilmişdir. Bu Konsepsiyanın gerçəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün 2006-cı ilin 25 iyul tarixində “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsı haqqında (2006-2008-ci illər)” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır. Kompleks tədbirlər sistemini əks etdirən Dövlət Proqramında miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, miqrantlarla bağlı sosial müdafiə tədbirlərinin həyata keçirilməsi və digər mühüm məsələlər yer almışdır.

Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxmışdır. Bu zərurəti nəzərə alan Prezident cənab İlham Əliyev 19 mart 2007-ci il tarixdə Azərbaycan Respublikası  Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında 560 saylı Fərman imzalamışdır.

 Azərbaycan Respublikasına gələn əcnəbilərin cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması qaydalarını sadələşdirmək, bu sahədə şəffaflığı təmin etmək və miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi məqsədilə Respublika Prezidenti cənab İlham Əliyev 4 mart 2009-cu ildə “Miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Fərman imzalamışdır. “Bir pəncərə” prinsipinin işə düşməsi ilə respublikada miqrasiya idarəetmə mexanizmi təkmilləşdirilmişdir.

Dövlət Miqrasiya Xidməti fəaliyyətə başladığı vaxtdan qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə, qanunların tətbiqində yol verilə biləcək nöqsan və sui-istifadələrin, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılmasına,  qanunsuz miqrasiyaya qarşı effektiv mübarizə tədbirlərinin gücləndirilməsinə çalışır. Dövlət Miqrasiya Xidməti ötən dövr ərzində Azərbaycan Respublikasının milli təhlükəsizliyini və milli maraqlarını qorumaqla, qanunsuz miqrasiyanın qarşısının alınması, miqrantların öz hüquqlarını həyata keçirmələri üçün şərait yaradılması məqsədilə bu sahədə ölkənin mövcud qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələri icra etmiş, məqsədyönlü fəaliyyəti əsas götürmüşdür. Miqrasiya sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və vahid qanunvericilik bazasının formalaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan vətəndaşların hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq təcrübə, o cümlədən Avropa İttifaqı qanunvericiliyi nəzərə alınmaqla Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış “Miqrasiya Məcəlləsi”nin yekun layihəsi Nazirlər Kabinetinə təqdim edilmişdir.

Ötən 5 il ərzində beynəlxalq əməkdaşlıq daha da genişləndirilmiş, iki və çoxtərəfli əsaslarla münasibətlər inkişf etdirilmiş, ölkələrarası danışıqların gücləndirilməsi, miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması və tətbiqi, qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə olunması istiqamətində bir sıra mühüm addımlar atılmışdır.Belə ki, Birləşmiş Millətlər Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Avropa İttifaqı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi kimi təşkilatlarla əməkdaşlıq inkişaf etdirilmiş, Almaniya Federativ Respublikasının, Niderland və Belçika Krallıqlarının, Türkiyə Respublikası, Latviya Respublikası, Rusiya Federasiyası və Qətər Dövlətinin aidiyyatı qurumları ilə bir sıra görüşlər keçirilmiş, qarşılıqlı səfərlər təşkil olunmuşdur.

Regionlarda və paytaxtda meydana çıxan problemlərin operativ həlli məqsədilə son illərdə Bakı, Yevlax, Şirvan, Xaçmaz və Lənkəran miqrasiya idarələrinin və Bakı şəhər Regional Miqrasiya İdarəsinin Sərhəd Buraxılış məntəqələrində miqrasiya şöbəsinin iş fəaliyyəti tam təmin olunmuş, işçilərlə qismən komplektləşdirilmişdir. Yevlax və Bakı şəhərlərində Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin inşası başa çatdırılmış, yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Ağsu Regional Miqrasiya İdarəsinin inzibati binasının inşası hazırda davam etdirilir.

5 illik fəaliyyəti dövründə Xidmətin işinin təşkilində informasiya texnologiyalarının tətbiqi istiqamətində də bir sıra mühüm işlər görülmüşdür. Belə ki, Prezident cənab İlham Əliyevin 4 iyul 2010-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi Haqqında Əsasnamə”nin müvafiq bəndlərnin icra edilməsi məqsədilə hazırlanmış iş planına uyğun olaraq VMMS-lə “Giriş-Çıxış və Qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi arasında məlumat mübadiləsinin təşkili təkmilləşdirilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə “Fəaliyyət Proqramı” çərçivəsində xidmətdaxili “elektron sənəd dövriyyəsinin təşkili” üçün proqram təminatı hazırlanmış, cənab Prezident İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 24 may 2011-ci il tarixli Fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidməti tərəfindən “Elektron Xidmət”lərin göstərilməsi üçün rəsmi internet səhifəsində xüsusi elektron xidmət bölməsi yaradılmış və 1 sentyabr 2011-ci ildən Dövlət Miqrasiya Xidməti tərəfindən elektron xidmətlərin göstərilməsinə başlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin sərhəd buraxılış məntəqələrində yerləşən bölmələrində də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin VMMS-nin işçi yerləri yaradılmış və onun fəaliyyəti mərkəzi baza ilə əlaqələndirilmişdir.

Ötən 5 il ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması məsələləri ilə bağlı 180 mindən artıq müraciət daxil olmuş, hər bir müraciət fərdi yanaşma tətbiq edilməklə ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir. 

Ötən 5 il ərzində qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri intensivləşdirilmiş, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qeyri-qanuni yaşama və əmək fəaliyyəti ilə məşğul olma qaydalarının pozulması halları aşkar edilərək qarşısı alınmışdır. Belə ki, ötən müddət ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbirlər nəticəsində 28 mindən artıq əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmişdir. Onlardan 6.738 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 22.231 əcnəbi barəsində isə ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilmişdir.

Ötən müddət ərzində Dövlət Miqrasiya Xidməti verilən tapşırıq və göstərişlərin keyfiyyətli icrası yönümündə bir sıra təcili tədbirlər həyata keçirmişdir. Belə ki, xidmətin strukturunda dəyişiklik edilmiş, miqrasiya proseslərini tənzimləmə Baş İdarəsi yaradılmış, bu istiqamətə diqqət artırılmaqla ciddi nəzarət mexanizmi işə salınmışdır. Bu məsələlər fonunda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Əcnəbilərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün “Fərdi icazənin verilməsi Qaydalarının və həmin fərdi icazənin nümunəsinin təsdiq edilməsi” qərarına, “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na müvafiq dəyişikliklər edilmişdir. Həmçinin, ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında”, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti”nin vahib miqrasiya məlumat sistemi haqqında” əsasnamələrdə, “Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda, “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Respublika Prezidentinin 69 saylı Fərmanında, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində əlavə və dəyişikliklər edilməsi barədə müvafiq fərmanlar imzalanmışdır. Bundan başqa, il ərzində ölkə başçısının digər fərmanları ilə “Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamə”də, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının qanununda, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda müvafiq dəyişikliklər edilmişdir.

Ötən 5 il ərzində hər zaman miqrasiya orqanlarının fəaliyyətinə diqqət və qayğı ilə yanaşan ölkə başçısı Xidmət əməkdaşlarına qayğısını əsirgəməyərək, onların sosial təminatının yaxşılaşdırılması məqsədilə bir sıra tapşırıqlar vermişdir. Belə ki, ötən ilin iyul ayından miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi Dövlət Miqrasiya Xidməti əməkdaşlarının əmək haqlarına əlavə edilmişdir.

Vurğulanmışdır ki,  Dövlət Miqrasiya Xidmətinin əməkdaşları dövlət rəhbərinin miqrasiya orqanlarına göstərdiyi etimadı yüksək səviyyədə doğruldaraq, o cümlədən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini rəhbər tutaraq Xidmət qarşısında qoyulmuş tapşırıqların qüsursuz, vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 qrup miqrasiya orqanları əməkdaşının “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi barədə 16 Mart 2012 ci il tarixdə imzaladığı Sərəncam elan edilmişdir. 

Tədbirin sonunda Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevə  mərasim iştirakçıları adından müraciət qəbul olunmuşdur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur