Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 2011-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilmişdir
2 Fevral 2012-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 2011-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilmişdir.
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, ötən dövr ərzində Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının milli təhlükəsizliyini və milli maraqlarını qorumaqla miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması, miqrantların öz hüquqlarını həyata keçirmələri üçün şəraitin yaradılması məqsədilə bu sahədə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələri icra etmiş və illik fəaliyyətində “2011-ci il üzrə Perspektiv iş Planı”nda nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq səmərəli və məqsədyönlü fəaliyyət istiqamətini əsas götürmüşdür. Miqrasiya sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülmüş, bu sahədə vahid qanunvericilik bazasının formalaşdırılması və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan vətəndaşların hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq təcrübə, o cümlədən Avropa İttifaqı qanunvericiliyi nəzərə alınmaqla Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış “Miqrasiya Məcəlləsi”nin və “Azərbaycan Respublikasının Readmissiya Strategiyası”nın yekun layihələri Nazirlər Kabinetinə təqdim edilmişdir.
Ötən dövr ərzində miqrasiya sahəsində beynəlxalq əməkdaşlıq daha da genişləndirilmiş, iki və çoxtərəfli əsaslarla münasibətlər inkişaf etdirilmiş, ölkələrarası dialoqun gücləndirilməsi, miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması və tətbiqi, miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə olunması istiqamətində bir sıra əhəmiyyətli addımlar atılmışdır. BMT, BMTQAK, BMqT, Aİ, ATƏT, MDB kimi təşkilatlarla əməkdaşlıq inkişaf etdirilmiş, Almaniya Federativ Respublikasının, Niderland və Belçika Krallıqlarının, Türkiyə Respublikası, Latviya Respublikası, Rusiya Federasiyası və Qətər Dövlətinin aidiyyəti qurumları ilə bir sıra görüşlər keçirilmiş, qarşılıqlı səfərlər təşkil olunmuşdur.
Hesabat dövründə Bakı, Yevlax, Lənkəran, Şirvan, Xaçmaz regional miqrasiya idarələrinin və Bakı şəhər Regional Miqrasiya İdarəsinin Sərhəd Buraxılış Məntəqələrində miqrasiya şöbəsinin iş fəaliyyəti tam təmin edilmiş, Yevlax və Bakı şəhərlərində Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərinin inşası başa çatdırılmış və yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
2011-ci il ərzində Xidmətin işinin təşkilində informasiya texnologiyalarının tətbiqi istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2010-cu il tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi haqqında Əsasnamə”nin müvafiq bəndlərinin icra edilməsi məqsədilə hazırlanmış iş planına uyğun olaraq Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) ilə “Giriş-Çıxış və Qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi sahəsində işlər davam etdirilmiş, həmçinin Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi və Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri ilə Vahid Miqrasiya Məlumat Sistemi arasında inteqrasiyanın təmin olunması sahəsində aparılan işlər yekunlaşdırılmışdır. Həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin sərhəd buraxılış məntəqələrində yerləşən bölmələrində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sisteminin işçi yerləri yaradılmış və onun fəaliyyəti mərkəzi baza ilə əlaqələndirilmişdir.
Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2010-cu il tarixli 136s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı” çərçivəsində xidmətdaxili “elektron sənəd dövriyyəsinin təşkili” üçün proqram təminatı hazırlanmış və sınaq üçün təqdim edilmişdir. Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 24 may 2011-ci il tarixli Fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidməti tərəfindən “Elektron Xidmətlərin” göstərilməsi üçün rəsmi internet səhifəsində xüsusi elektron xidmət bölməsi yaradılmış və 1 sentyabr 2011-ci il tarixdən etibarən Dövlət Miqrasiya Xidməti tərəfindən elektron xidmətlərin göstərilməsinə başlanılmışdır.
Xidmət rəisi A.Rəhimov qeyd etmişdir ki, 2011-ci il ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, həmçinin daimi qeydiyyat vəsiqələrinin dəyişdirilməsi ilə bağlı 41.801 müraciət, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətinin uzadılması məsələləri ilə bağlı 12.450 müraciət, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitamla bağlı 307 müraciət, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı 6.740 sənəd, qaçqın statusunun müəyyənləşdirilməsi məsələləri ilə bağlı 41 müraciət daxil olmuşdur. Daxil olan müraciətlər fərdi yanaşma tətbiq edilməklə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul olunmuşdur.
2011-ci il ərzində qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri gücləndirilmiş, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması halları aşkar edilərək qarşısı alınmışdır. Belə ki, keçirilmiş tədbirlər nəticəsində 12.530 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunmuş, onlardan əsas olduğu üçün 2.338 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 8.058 nəfər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müddəalarında nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərketmə, 2.004 əcnəbinin inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları və 130 digər hallarla (ölkəyə girişinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması, müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin itirilməsi, inzibati hüquq pozuntusu törətmiş sahibkarların cərimə edilməsi və.s) bağlı qərarlar qəbul edilmişdir.
Xidmət rəisi sonda bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti cari ildə də Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, eləcə də Nazirlər Kabinetinin sərəncam və qərarlarını, həmçinin mövcud qanunvericiliyin tələblərini rəhbər tutaraq cari il ərzində Xidmət qarşısında qoyulmuş tapşırıqların qüsursuz, vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını səfərbər etməlidir.