Dövlət Miqrasiya Xidmətində 20 Yanvar hadisələrinin 22-ci ildönümü ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir
19 yanvar 2012-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 20 Yanvar hadisələrinin 22-ci ildönümü ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir.
Öncə Xidmət əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr edilmiş sərgi ilə tanış olmuşlar.
Şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başlanan anma mərasimində çıxış edən Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev qeyd etmişdir ki, XX əsrdə totalitarizmin həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar qırğını Azərbaycan xalqına, ümumiyyətlə, humanizmə və insanlığa qarşı yönəldilmiş dəhşətli cinayətdir. Bununla bərabər, o müdhiş gecə tariximizə təkcə faciə kimi deyil, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, çağdaş milli azadlıq hərəkatının qəhrəmanlıq günü kimi daxil olmuşdur. Yanvarın 19-dan 20-nə keçən gecə yüzlərlə qəhrəman oğul və qızımız təpədən dırnağadək silahlanmış sovet qoşunlarının qarşısına əliyalın çıxmağa qadir olduğunu dünyaya sübut etmişdir. Həmin gün sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış xalqımız öz qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bir daha göstərmişdir.
Qeyd edilmişdir ki, amansız sovet hərb maşını tərəfindən törədilən bu qanlı hadisəyə ilk olaraq kəskin münasibətini bildirən Ulu öndər Heydər Əliyev olmuşdur. Ümummilli lider özünün və yaxınlarının həyatını təhlükə qarşısında qoyaraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək azərbaycanlılar və xarici jurnalistlər qarşısında bəyanat vermiş, Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini ifşa etmiş, heç kimdən çəkinmədən faciəni törədənləri cinayətkar adlandırmışdır. Ulu öndər Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya, humanizmə və SSRİ-də elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini diqqətə çatdırmışdır. Məhz Ulu öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində informasiya blokadası yarılmışdır. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş, xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəbləri araşdırılmış, cinayətkarların adları açıqlanmışdır.
Daha sonra qeyd edilmişdir ki, Heydər Əliyev öz quruculuq siyasəti ilə şəhidlərin uğrunda qanı tökülmüş azadlıq və müstəqillik ideyalarını reallığa çevirmişdir. Uzaqgörən daxili və xarici siyasət nəticəsində dövlət quruculuğu geniş vüsət almış, iqtisadiyyat dirçəlməyə başlamış, güclü ordumuz formalaşmış, Dağlıq Qarabağ problemi ilə bağlı haqq səsimiz beynəlxalq aləmdə eşidilməyə başlanılmışdır. Və bu gün də bu siyasət Ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uzaqgörənliklə yaradılmış potensiallar hesabına daha yüksək dinamikada həyata keçirilir.
Mərasimin sonunda əminliklə bildirilmişdir ki, ölkəmizdə bütün sferalarda qazanılan uğurlar, o cümlədəm miqrasiya sahəsində əldə olunan nəticələr deməyə əsas verir ki, Dövlət Miqrasiya Xidməti bundan sonra da uğurla fəaliyyət göstərərək, müstəqil dövlət quruculuğuna öz layiqli töhvəsini verməklə şəhidlərimizin uğrunda qan tökdükləri amalların həyata keçməsində fəal iştirak edəcəkdir. Xidmət əməkdaşları əldə edilən nailiyyətlərə arxayın olmamalı, yeni başlanmış 2012-ci ildə dövrün çağırışlarından irəli gələn vəzifələri layiqincə yerinə yetirməlidirlər.
Həmçinin Azərbaycan xalqının bu günü heç vaxt yaddan çıxarmayacağı, azadlıq, müstəqillik uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirələrinin daima qəlblərdə yaşayacağı vurğulanmışdır.
Mərasimin sonunda 1990-cı ilin 20 Yanvar hadisələrinə həsr edilmiş sənədli film nümayiş etdirilmişdir.