“Azərbaycan dövlətçiliyi və miqrasiya sahəsində aparılan islahatlar” mövzusunda “Dəyirmi masa” keçirilmişdir

16 Dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində “Azərbaycan dövlətçiliyi və miqrasiya sahəsində aparılan islahatlar” mövzusunda “Dəyirmi masa” keçirilmişdir.

 

18 dekabr - Beynəlxalq Miqrant Gününə həsr olunmuş tədbirdə Milli Məclis, dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

 

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra daxili və xarici miqrasiya prosesləri ilə qarşılaşan ilk postsovet ölkələrindən biri olmuşdur: "O zaman, yeni yaranmış müstəqil dövlət daxili miqrasiyanın neqativ təzahürləri – yəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın ölkənin başqa reqionlarına kütləvi axını ilə üzləşmişdir. Bu isə ölkədə həmin insanlar üçün normal sosial, yaşayış şəraitinin yaradılmasını tələb edirdi. Yalnız Ulu öndər Heydər Əliyevin böyük diqqət və qayğısı nəticəsində məcburi miqrasiyaya məruz qalan soydaşlarımızın sosial problemlərinin həlli mümkün olmuşdur. Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda miqrasiya və onun amillərinə diqqət daha da artmışdır. Ölkənin uğurlu inkişaf mərhələsinə qədəm qoyması,  yürüdülən neft strategiyası, bərqərar olunmuş sabitlik – bütün bunlar onunla nəticələndi ki, Azərbaycan artıq əcnəbilər üçün cəlbedici bir ölkəyə çevrilmişdir. İmmiqrasiya prosesləri tədricən emiqrasiyanı üstələməyə başlamışdır.  Ölkəyə xaricdən miqrasiya edənlərin sayı durmadan artmaqda idi. Bütün bunlar miqrasiya proseslərinin dövlət tərəfindən tənzimlənməsini tələb edirdi və müvafiq normativ-hüquqi bazanın qəbul edilməsini zərurətə çevirmişdi".

 

A.Rəhimov bildirmişdir ki, 2004-cü ildə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Siyasəti Konsepsiyası qəbul edilmiş  və bu konsepsiyada hökumət qurumları qarşısında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində duran məqsədlər müəyyən edilmişdir: "Dövlət Miqrasiya Siyasəti Konsepsiyasından irəli gələn məsələlərin həyata keşirilməsi üçün 2006-cı il iyulun 25-də Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı” təsdiq edilmişdir. Proqramın əsas məqsədi miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, miqrantlarla bağlı sosial müdafiə tədbirlərinin həyata keçirilməsidir.

 

Qeyd olunmalıdır ki, bir neçə il öncə Azərbaycan Respublikasında miqrasiya prosesləri və bu proseslərin tənzimlənməsi ilə bir sıra dövlət qurumları məşğul olurdu. Bu da Azərbaycana gələn əcnəbilər üçün ölkədə qanuni əsaslarla yaşamaları ilə bağlı sənədləşdirmə işini çətinləşdirirdi. Bunu nəzərə alaraq, və o cümlədən miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılmışdır.

 

Bu gün Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma müddətlərinin uzadılması, ölkə ərazisində müvəqqəti və daimi yaşama  icazələrinin, sığınacaq axtaran əcnəbilərə qaçqın statusunun, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi məsələləri ilə məşğul olur, müvafiq icazə almış əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yaşayış yeri üzrə qeydiyyata alır, vətəndaşlıq məsələlərinin həllində iştirak edir".

 

Təşkil olunmuş “Dəyirmi masa”nın Beynəlxalq Miqrant Günü ərəfəsində keçirildiyini bildirən Xidmət rəisi bildirmişdir ki, müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası miqrantların hüquqlarının müdafiəsi ilə bağlı bir sıra mühüm beynəlxalq Konvensiyalara qoşulmuşdur, bir sıra yeni normativ-hüquqi aktlar qəbul olunmuş, mövcud qanunvericiliyə əlavə və dəyişikliklər edilmişdir: "Miqrasiya sahəsindəki qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 20-dən artıq fərman və sərəncamın imzalanması ölkə rəhbərliyi tərəfindən miqrasiya proseslərinin və miqrantların hüquqlarının müdafiəsinin daim diqqət mərkəzində saxlanılmasının bariz nümunəsidir.  Dövlət Miqrasiya Xidməti miqrantların hüquqlarının qorunması məqsədi ilə beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əsaslarla əməkdaşlığın həyata keçirilməsi işinə xüsusi önəm verir və bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması, qanunsuz miqrasiya ilə mübarizə və miqrantların hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə həmçinin bir cox ölkələrlin müvafiq orqanları ilə əməkdaşlıq edir və bu əməkdaşlıq daha da genişləndirilməkdədir".

 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkə qanunvericiliyində aparılan islahatların əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsində mühüm amil olduğunu vurğulamış, miqrantların hüquqlarının ölkə vətəndaşlarının hüquqlarından heç də fərqlənmədiyini nəzərə çatdırmışdır. Ombudsman qanunvericiliyin təkmilləşməsinə hər zaman ehtiyac olduğunu, miqrantların ehtiyaclarının müntəzəm olaraq öyrənilməsinin, dövlət qurumlarının fəaliyyətinin bu sahədə təkmilləşdirilməsinin və regionlara diqqət artırılmasının ən vacib şərtlərdən olduğunu qeyd etmişdir.

 

Milli Məclisin hüquqi siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov qeyd etmişdir ki, Azərbaycanda miqrasiya siyasətini həyata keçirmək üçün mükəmməl qanunvericilik bazası var. Bu gün Azərbaycanın miqrasiya sahəsi üzrə qanunvericiliyi MDB və Şərqi Asiya ölkələri ilə müqayisədə daha çox inkişaf etmişdir.

 

Azərbaycan dövlətinin digər sahələrlə yanaşı, qanuni miqrasiyanın inkişafında da maraqlı olduğunu söyləyən Ə.Hüseynov nəzərə çatdırmışdır ki, biz qanunsuz miqrasiyanın qarşısını almalıyıq, bununla bərabər qanuni miqrasiyanı inkişaf etdirməliyik.

 

Daxili İşlər Nazirliyinin  idarə rəisi Əli Mərdanov, Dövlət Sərhəd Xidmətinin şöbə rəisi Azad Qasımov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə rəisi Fuad Cabbarov “Dəyirmi masa”nın mövzusuna dair çıxışlar etmiş, birgə əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinə əminliklərini ifadə etmişlər.

 

Miqrasiya Mərkəzi İctimai Birliyinin sədri Əlövsət Əliyev, “Avrasiya” Vətəndaş təşəbbüsləri platformasının rəhbəri Azər Allahverənov və “Azərbaycanda miqrant və məcburi köçkünlərin hüquqlarının müdafıəsi” İctimai Birliyinin sədri  Nadir Abdullayev Beynəlxalq Miqrant Gününə həsr edilmiş “Dəyirmi masa”nın əhəmiyyətindən, miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində dövlət  tərəfindən həyata keçirilən tədbirlərin müsbət nəticələrindən, eyni zamanda gələcəkdə birgə əməkdaşlığın istiqamətlərindən danışmışlar.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur