Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Vyetnam Sosialist Respublikasının ölkəmizdəki səfirini qəbul etmişdir
2 Dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov Vyetnam Sosialist Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fam Suan Şonu və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimi salamlayan Xidmət rəisi Arzu Rəhimov yeni təyinatı münasibətilə səfir Fam Suan Şonu təbrik etmiş, iki ölkə arasında tarixi münasibətlərdən söhbət açmış, Ulu öndər Heydər Əliyevin bu istiqamətdə xüsusi xidmətlərindən danışmışdır.
Dövlət Miqrasiya Xidmətində olmasından və bu qurumun fəaliyyəti ilə tanışlığından şərəf duyduğunu ifadə edən Səfir Fam Suan Şon Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında mövcud siyasi, iqtisadi münasibətlərdən danışmış, gələcəkdə iki ölkə arasında miqrasiya sahəsində əlaqələrin inkişafına əminliyini vurğulamışdır.
Xidmət rəisi Arzu Rəhimov həmçinin ölkədə miqrasiya prosesləri, bu sahədə həyata keçirilən islahatlar, görülmüş işlər barədə qısa məlumat vermiş, Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı fəsadları qonaqların diqqətinə çatdırmışdır.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.