Bakıda Beynəlxalq Miqrasiya Təşkilatının yaranmasının 60 illiyi, Azərbaycanın bu quruma üzvlüyünün 10 illiyinə həsr edilmiş tədbir keçirilmişdir
30 Noyabr 2011-ci il tarixdə Bakıda Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) yaranmasının 60 illiyinə, Azərbaycanın bu quruma üzvlüyünün 10 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov tədbirdə iştirak etmişdir.
BMqT-nin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru xanım Renata Held çıxış edərək bildirmişdir ki, 1951-ci ildə yaradılmış təşkilat bu gün 132 üzv ölkə, 97 müşahidəçi və 400-dən çox sahə ofislərinə malik olmaqla, miqrasiya proseslərinin tənzimlənməsində, insan alveri ilə mübarizədə hökumətlərə dəstək olan, inkişafa yönəlmiş insani və hüquqlara əsaslanmış yanaşmaları təşviq edən hökumətlərarası qurumdur. BMqT-nin Azərbaycandakı missiyası Bakıda 1996-cı ildə fəaliyyətə başlamışdır.
Azərbaycanın miqrasiya sahəsində uğurlu tədbirlər həyata keçirdiyini vurğulayan xanım Renata Held qeyd etmişdir ki, BMqT və Azərbaycan Respublikası miqrasiya məsələlərinin həlli üçün əməkdaşlığın davam etdirilməsi məqsədi ilə 1999-cu ildə saziş imzalamışlar. Bu sazişin 8 fevral 2000-ci il tarixdə Milli Məclis tərəfindən təsdiqindən sonra BMqT Şurasının 2001-ci ilin iyununda Cenevrədə keçirilən 81-ci Sessiyasında Azərbaycanın təşkilata üzv qəbul olunmasına razılıq verilmişdir. Hazırda Azərbaycan hökuməti ilə əməkdaşlıq uğurla davam etdirilir.
Təşkilatın 60 illiyi münasibətilə iştirakçıları təbrik edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov bildirmişdir ki, son illər dünyada getdikcə sürətlənən və miqyasını durmadan genişləndirən qloballaşma proseslərinin əsas faktorlarından biri də məhz miqrasiya amilidir. Azərbaycanın bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcudluğu respublikamızın ərazisindən tranzit qaydada keçən və ya qısa müddətə gələn, üçüncü dövlətlərə getməyə, yaxud qanuni əsaslar olmadan yaşamağa cəhd göstərən əcnəbilərin sayının artmasına səbəb olmuşdur. Bütün bunlar ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, habelə bu sahədə beynəlxalq əməkdaşlığı obyektiv zərurətə çevirmişdir. Bütün bu reallıqları nəzərə alan Prezident cənab İlham Əliyev son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Xidmət rəisi Arzu Rəhimov qeyd etmişdir ki, bu il həm də Azərbaycanın BMqT-yə üzv olmasının 10 ili tamam olur. Bu dövr ərzində əlaqələrimiz sürətlə inkişaf etmiş, nəticədə ikitərəfli əməkdaşlığımızın yeni perspektivləri üzə çıxmışdır. Xidmət rəisi xüsusi vurğulamışdır ki, DMX ilə BMqT arasındakı səmərəli əməkdaşlıq bundan sonra da inkişaf etdiriləcəkdir.