Dövlət Miqrasiya Xidmətində  “Azərbaycanın dövlət müstəqilliyi dövründə miqrasiya proseslərinin dinamikası” mövzusunda konfrans keçirilmişdir

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına müvafiq olaraq silsilə tədbirləri davam etdirir.

 

8 oktyabr 2011-ci il tarixdə Xidmətin inzibati binasında “Azərbaycanın dövlət müstəqilliyi dövründə miqrasiya proseslərinin dinamikası”mövzusunda konfrans keçirilmişdir.

 

Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək, xalqımızın Ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

 

Xidmət əməkdaşları həmçinin Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın unudulmaz xatirəsini yad etmiş, məzarları üzərinə tər qərənfillər düzmüşlər.

 

Konfrans Xidmətin inzibati binasında dövlət himninin səslənməsi ilə başlanmışdlr. Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov çıxış edərək, Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” müvafiq Sərəncamına əsasən, bu tarixi hadisənin dövlət səviyyəsində təntənəli qeyd edilməsinin mühüm əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. Lakin xalqımızın müstəqil dövlət quruculuğu yolu heç də hamar olmamışdır. 1991-ci ildə sovet imperiyasının süquta uğraması nəticəsində digər müttəfiq respublikalar kimi, Azərbaycan da özünün dövlət müstəqilliyinə nail olmuş, amma digər ölkələrdən fərqli olaraq, respublikamızı bu müstəqilliyə, azadlığa aparan yollarda qanlar tökülmüş, şəhidlər verilmişdir.

 

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamənin, həmin ilin oktyabr ayının 18-də isə "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edildiyini nəzərə çatdıran Xidmət rəisi hələ buna qədər - 1990-cı il iyulun 22-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı ilə  muxtar respublikadan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməsindən, milli dövlətçiliyin bərpası istiqamətində atılan qəti addımlardan danışmışdır: “1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, Azərbaycanı müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu.  Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi”.

 

Bildirilmişdir ki, məhz Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyasına, iqtisadiyyatın dirçəlişi strategiyasına və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik keçid yoluna qədəm qoyulmuşdur. Məhz Heydər Əliyev öz dühası ilə Azərbaycan tarixinin bu yeni mərhələsində cəmiyyəti səfərbər edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə nail olunmuşdur. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən siyasət Azərbaycanın müstəqil dövlət kimi dünya birliyi sıralarına öz adını yazmasını təmin etmişdir. Əsl müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət qurulmuşdur. Bütün bunlar isə böyük tarixi nailiyyətlərdir.                 

 

Xidmət rəisi A.Rəhimov daha sonra bildirmişdir ki, yalnız Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uzaqgörənliklə mütərəqqi dövlət quruculuğuna start verilmiş, dövlətçiliyin başlıca prinsipləri formalaşdırılmışdır. Bu mənada, müstəqillik illərində digər sahələr kimi miqrasiya sahəsinə də xüsusi diqqətlə yanaşılmışdır. Bu sahədə dövlət siyasətini uğurla davam etdirərək, yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son beş –altı ildə həm xarici, həm də daxili miqrasiyanın mənfi təzahürlərinin aradan qaldırılması istiqamətində səmərəli və məqsədyönlü tədbirlər görmüşdür. Dövlət başçısı, xüsusən də, regionlardan Bakıya və digər iri şəhərlərə yüksək axının - urbanizasiya prosesinin qarısının alınmasını ilk gündən iqtisadi siyasətdə mühüm prioritetlərdən biri kimi müəyyənləşdirmiş, sosial ədalət prinsipinin qorunması baxımından respublikanın hər bir bölgəsinin proporsional inkişafını vacib saymışdır.

 

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı, “Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası”, həmçinin “Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı” Prezident cənab İlham Əliyev tərəfindən atılan ilk uğurlu addımlardır. Dövlət Miqrasiya Proqramından irəli gələn məsələlərin həyata keçirilməsi ölkəmizdə miqrasiya üzrə daha təkmil bir sistemin yaradılmasına yönəlmiş, 19 mart 2007-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılmışdır.

 

Xidmət rəisi bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində bütün hüquq-mühafizə orqanları kimi miqrasiya orqanları da öz inkişafının məzmunca və keyfiyyətcə tamamilə yeni mərhələsinə qədəm qoymuş, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş, işinin müasirləşdirilməsi istiqamətində çox mühüm addımlar atılmışdır: “Bu gün dövlətimizin başçısının dəstəyi ilə miqrasiya orqanlarında davam etdirilən çox ciddi islahatların nəticəsidir ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yeni tələblərə uyğun təkmilləşdirilmiş mütərəqqi normativ-hüquqi bazası olan, yeni mükəmməl iş prinsipləri və metodları əsasında fəaliyyət göstərən sivil dövlət təsisatıdır. Ədalətli prosedurlar əsasında kadr tərkibi mütəmadi olaraq yeniləşdirilən Xidmət kollektivinin və hər bir əməkdaşın məsuliyyət hissi artırılmaqla ciddi tələbkarlıq şəraiti formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları təxirə salınmadan aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılmışdır.     Bu gün miqrasiya orqanları insan hüquq və azadlıqlarının təmin edilməsinə, qanunçuluğun möhkəmləndirilməsinə və qanunsuz miqrasiya ilə mübarizəyə, miqrasiya proseslərinin tənzimlənməsinə, miqrasiya sisteminin təkmilləşdirilməsinə öz layiqli töhfələrini verməklə, həm də müstəqilliyimizin gücləndirilməsinə, respublikamızın demokratik inkişafına, xalqımıza və dövlətimizə ləyaqətlə, sədaqətlə xidmət edirlər.”

 

Xidmət rəisinin müavini P.Musayev, idarə rəisi E.Vəliyev və digər çıxış edənlər Azərbaycanın müstəqillik tarixinə bir daha nəzər salaraq, Ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qazanılması, möhkəmləndirilməsi və inkişafında misilsiz xidmətlərindən, həmçinin miqrasiya sahəsində əldə edilən nailiyyətlərdən söz açmışlar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur