Dövlət Miqrasiya Xidmətində “Azərbaycan dövlətçiliyi və miqrasiya siyasəti” mövzusunda “dəyirmi masa” keçirilmişdir

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümü ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına müvafiq olaraq silsilə tədbirləri davam etdirir.

 

1 oktyabr 2011-ci il tarixdə Xidmətin inzibati binasında “Azərbaycan dövlətçiliyi və miqrasiya siyasəti” mövzusunda Dəyirmi Masa keçirilmişdir.

 

Tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinin, Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin nümayəndələri və Dövlət Miqrasiya Xidmətinin rəhbər heyəti iştirak etmişdir.

 

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov bildirmişdir ki, Prezident cənab İlham Əliyevin 2011-ci ilin 21 yanvar tarixində imzaladığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Sərəncamına əsasən, bu tarixi hadisə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunur.

 

Arzu Rəhimov dövlət müstəqilliyinin bərpasından ötən 20 ilin Azərbaycan tarixinin mürəkkəb, çətin, eyni zamanda, ən şərəfli dövrü olduğunu bildirmişdir. Xidmət rəisi dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsində, əbədiliyinin və dönməzliyinin təmin edilməsində müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərini xatırlatmış, Ulu öndərin ideya və arzularının Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.

 

Bildirmişdir ki, 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyannamə, həmin il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilmişdir.

 

Arzu Rəhimov qeyd etmişdir ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra miqrasiya proseslərinin tənzimlənməsi məsələsi istiqamətində də ilk addımlar Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra atılmışdır. Heydər Əliyev daxili və xarici miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində əməli tədbirlər həyata keçirmişdir.

 

Xüsusi olaraq vurğulanmışdır ki, Prezident cənab İlham Əliyev son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Bu istiqamətdə ilk mühüm addımlardan biri kimi 2004-cü ildə Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası hazırlanmış, 2006-cı ilin iyulunda isə dövlət başçımız tərəfindən “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsı haqqında” Sərəncam imzalanmışdır. Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxmışdır. Bu zərurəti nəzərə alan Prezident cənab İlham Əliyev 2007-ci ilin 19 mart tarixində Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında fərman imzalamışdır.

 

Xidmətin yarandığı gündən bir sıra mühüm işlər görüldüyünü,  Azərbaycanın əcnəbi vətəndaşlar üçün cəlbedici bir ölkəyə çevrildiyini deyən A.Rəhimov bildirmişdir ki, Azərbaycana gələn xarici vətəndaşların sayı günü-gündən artır: “Geridə qalan 4 ildən artıq müddət ərzində mərkəzi icra hakimiyyəti orqanı olaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində qarşıda duran vəzifə və tapşırıqları uğurla həyata keçirmişdir. Dövlət Miqrasiya Xidməti bu gün ölkə ərazisində müvəqqəti olan, habelə müvəqqəti və daimi yaşayan əcnəbilərin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmələrinə nəzarəti həyata keçirir, mövcud qanunvericiliyin tələblərini pozmuş əcnəbilərin ölkə ərazisindən çıxarılması üçün müvafiq tədbirlər görür. Miqrasiya orqanlarının tam şəffaf şəraitdə fəaliyyət göstərməsi və işinin müasir tələblərə uyğun qurulmasında dövlətimizin başçısı cənab İlham Əliyevin göstərdiyi xüsusi diqqət və qayğı Xidmət əməkdaşları tərəfindən daim minnətdarlıq hissi ilə qarşılanır”.

Digər çıxış edənlər də müstəqilliyin qorunub saxlanılması və ölkəmizin tərəqqisi naminə Ümummilli lider Heydər Əliyevin göstərdiyi misilsiz xidmətləri, həmçinin onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin gördüyü işləri diqqətə çatdırmış, miqrasiya proseslərinin tənzimlənməsində vacib olan sahələrə toxunmuşlar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur