Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 28 May – Respublika Günü qeyd olunmuşdur
27 May 2011-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 28 May – Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyətinin 93-cü ildönümü qeyd olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev xalqımızın böyük iftixar hissi ilə bayram etdiyi möhtəşəm tarix münasibətilə Xidmət əməkdaşlarını təbrik etmişdir. Qeyd etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşasa da, müstəqillik tariximizdə böyük siyasi-iqtisadi, mədəni hadisələrin əsasını qoymuşdur. Bu hadisə XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olmaqla xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməllərinin yaradılmasında müstəsna rol oynamışdır.
Azərbaycan xalqının keçdiyi 93 illik yola qısa nəzər salan P.Musayev bu illər ərzində əldə olunan nailiyyətlərdən danışmış, Ulu öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu proseslərinin uğurlu nəticələrinin qürur hissi doğurduğunu vurğulamışdır: “Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Miqrasiya sahəsində əldə edilən nailiyyətlər də bu tədbirlər silsiləsindəndir. Cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafı onu cəlbedici ölkəyə çevirmiş, buraya gələn əcnəbilərin sayının artmasına səbəb olmuşdur”.
Daha sonra müstəqil Azərbaycan Respublikasının miqrasiya orqanları işçilərinin üzərinə düşən əsas vəzifə kimi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təşkili, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin qarşısına qoyulmuş tapşırıqların vaxtında, düzgün icrasının təmin olunduğu, bu məqsədlə bütün əməkdaşların qüvvə və bacarığının səfərbər edildiyi, bu istiqamətdə səylərin gələcəkdə daha da artırılacağı bildirilmişdir.
Sonda xidməti fəaliyyətində fərqlənən əməkdaşların bir qisminə növbədənkənar xüsusi rütbələrin, fəxri fərmanların verilməsi barədə Xidmət rəisinin əmrləri elan olunmuş, mükafatlar sahiblərinə təqdim edilmişdir.