Azərbaycan Respublikasının miqrasiya orqanlarına namizədlərin sənəd qəbulu başa çatmışdır
Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar Azərbaycan Respublikasının vətəndaşlarına 1 mart 2011-ci il tarixdən 8 aprel 2011-ci il tarixədək elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu artıq başa çatmışdır.
Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2010-cu il tarixli 305 saylı Fərmanı ilə təsdiq olunmuş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin tələblərinə uyğun aparılmış növbəti müsabiqədə iştirak etmək üçün 535 vətəndaş ərizə ilə müraciət etmişdir. Namizədlərdən 7 nəfəri digər dövlət qurumlarında çalışdığından yalnız söhbət mərhələsində, qalan 528 nəfər isə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçiriləcək test imtahanlarında iştirak edəcəklər. Test imtahanının nəticələrinə əsasən, müsabiqə şərtini ödəyən namizədlər söhbət mərhələsinə buraxılacaqlar.
Müsabiqədə iştirak edən namizədlərdən 114 nəfərini qadınlar, 421 nəfərini kişilər təşkil edir.
Müsabiqəyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Aparatına, həmçinin struktura daxil olan digər qurumlara - Bakı və Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzlərinə, Şirvan, Yevlax, Xaçmaz və Lənkəran regional miqrasiya idarələrinə, Xidmətin Tibb müəssisəsinə məxsus vakant yerlər çıxarılmışdı.