Türkiyə Respublikasının ölkəmizdəki səfiri Hulusi Kılıç Dövlət Miqrasiya Xidmətində olmuşdur
5 Oktyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıçın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Arzu Rəhimov ölkədə miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində görülən işlərdən, icrasına 1 iyul 2009-cu il tarixdən start verilmiş “bir pəncərə” prinsipinin müsbət nəticələrindən danışmışdır. Xidmət rəisi artıq Azərbaycanda miqrasiya idarəetmə mexanizminin təkmilləşdirildiyini, Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirildiyini, bu sahədə şəffaflığın təmin olunduğunu nəzərə çatdırmışdır.
Səmimi qəbula görə Xidmət rəisinə təşəkkür edən səfir Hulusi Kılıç Azərbaycanda miqrasiya sahəsində yürüdülən siyasətə müsbət münasibət bildirmiş, “bir pəncərə” prinsipinin meyarlarını yüksək dəyərləndirmişdir.
Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran bu və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.