Müstəqil Dövlətlər Birliyi Miqrasiya Orqanları Rəhbərləri Şurasının 8-ci iclası Azərbaycanda keçirilmişdir

29 sentyabr 2010-cu il tarixdə Müstəqil Dövlətlər Birliyi Miqrasiya Orqanları Rəhbərləri Şurasının (MDB MORŞ) növbəti - 8-ci iclası Bakı şəhərində keçirilmişdir.

 

Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

 

Sonra qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.

 

MDB iştirakçı dövlətlərindən Rusiya, Belarus, Azərbaycan, Qazaxstan, Qırğızıstan və Tacikistanın, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbir Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasında davam etdirilmişdir.

 

İclasa sədrliyi Rusiya Federal Miqrasiya Xidmətinin direktoru, polis general-polkovniki Konstantin Oleqoviç Romodonovski etmişdir.

 

Azərbaycan Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iclasda çıxış edərək miqrasiya axınlarının effektiv idarə olunması üçün MDB dövlətlərinin əlaqələndirilmiş fəaliyyətinin yaradılmasının zəruriliyini, ölkələr arasında bu səviyyədə əməkdaşlığın vacibliyini qeyd etmişdir. Azərbaycanda miqrasiya siyasəti ilə bağlı aparılan işlər barədə iştirakçılara məlumat verən Fuad Ələsgərov bildirmişdir ki, 2006-cı ildə “Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı” Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş, bunun əsasında 2007-ci ildə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılmışdır. Azərbaycanın MDB məkanında qaçqın və məcburi köçkün problemi ilə üzləşən ilk ölkələrdən olduğunu söyləyən Fuad Ələsgərov Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın həyata keçirdiyi işğal və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq Azərbaycan vətəndaşının öz doğma yurd-yuvasından didərgin düşdüyünü vurğulamışdır.

 

Fuad Ələsgərov həmçinin Azərbaycanın sürətli iqtisadi və sosial inkişafı, ictimai-siyasi stabilliyi və xalqımızın tolerantlığı nəticəsində ölkəmizə gələn miqrantların sayının artdığını, artıq Azərbaycanın əcnəbilər üçün tranzit ölkədən təyinat ölkəsinə çevrildiyini nəzərə çatdırmışdır.

 

Dövlət Miqrasiya Xidmətinin rəisi II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov çıxış edərək Müstəqil Dövlətlər Birliyi Miqrasiya Orqanları Rəhbərləri Şurasının yaranma tarixindən və gündəlikdə duran məsələlərdən danışmışdır.  Xidmət rəisi miqrasiya sahəsində mövcud vəziyyətin nəzərdən keçiriləcəyini, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı məsələlərin müzakirə edilərək mühüm qərarlar qəbul olunacağını bildirmişdir.

 

İclasda MDB iştirakçı dövlətlərində miqrasiya sahəsində vəziyyət, MDB iştirakçı dövlətlərinin Dövlət və Hökumət Başçıları, Xarici İşlər Nazirləri Şuralarının, Miqrasiya Orqanları Rəhbərləri Şurasının iclaslarında qəbul olunmuş qərarların həyata keçirilməsi, MDB iştirakçı dövlətlərinin miqrasiya orqanlarının informasiya mübadiləsi sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri, “MDB iştirakçı dövlətlərinin 2009-2011-ci illər üçün qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə Proqramı”nın icrası, “MDB iştirakçı dövlətlərinin 2012-2014-cü illər üçün qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə Proqramı”nın hazırlanmasına dair təkliflər, MDB iştirakçı dövlətlərində əmək fəaliyyəti ilə məşğul olan əməkçi miqrantların hüquq və informasiya sahəsində dəstəklənməsinə dair Tacikistan Respublikasının təcrübəsi, MDB iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının iş reqlamentinə əlavə və dəyişikliklərin edilıməsi, Şuranın 2011-ci il üçün iş planı, şuraya 2011-ci ildə sədrlik və digər məsələlər müzakirə edilmişdir.

 

Müzakirələrdən sonra Şura üzvləri müvafiq qərarlar qəbul etmişlər.

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur