Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında miqrasiya sahəsində əməkdaşlıq genişlənir

9 Avqust 2010-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov ölkəmizdə səfərdə olan Niderland Krallığının ədliyyə naziri Ernst Xirş Ballinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Azərbaycan ilə Niderland arasında dostluq əlaqələrinin inkişaf etdiyini qeyd edən xidmət rəisi Arzu Rəhimov 2009-cu ildə Niderlandın Repatriasiya və Deportasiya Xidmətinin dəvəti ilə bu ölkəyə səfərini və keçirilmiş faydalı görüşləri xatırladaraq, bunun dövlətlərimiz arasında miqrasiya sahəsində əməkdaşlığın qurulmasında və inkişaf etdirilməsində rolunu vurğulamışdır. Arzu Rəhimov qeyd etmişdir ki, hazırda Azərbaycanda miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, sabit sosial-iqtisadi, demoqrafik inkişafın təmin edilməsi, əmək ehtiyatlarından səmərəli istifadə olunması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi üçün geniş imkanlar yaradılmışdır. Xidmət rəisi həmçinin  ölkədə miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə 1 iyul 2009-cu il tarixdən “bir pəncərə” prinsipinin tətbiqi ilə uğurlu nəticələr əldə olunduğunu qonaqların diqqətinə çatdırmışdır.

 

Səmimi görüş üçün təşəkkürünü bildirən Niderland nümayəndə heyətinin rəhbəri Ernst Xirş Ballin ölkələrimiz arasında qarşılıqlı iqtisadi, sosial və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılan addımları, görülən işləri,  miqrasiya sahəsində həyata keçirilən islahatları və əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirmişdir. Azərbaycanın regionda mövqeyinin möhkəmləndiyini vurğulayan qonaq, həmçinin Niderlandın ölkəmizlə miqrasiya sahəsində əlaqələrin inkişaf etdirilməsinə önəm verərək, konkret tədbirlər həyata keçirmək niyyətində olduğunu bildirmişdir. Ernst Xirş Ballin bu səfərinin  mövcud əlaqələrin daha da inkişaf etdirilməsinə, o cümlədən miqrasiya sahəsində birgə əməkdaşlığa, qanunsuz miqrasiya hallarının aradan qaldırılması sahəsində irəliləyişin əldə edilməsinə öz müsbət təsirini göstərəcəyinə yeni bir töhfə olacağına ümidvar olduğunu qeyd etmişdir.

 

Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunmuş, qanunsuz miqrasiyaya qarşı birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu sahədə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında işgüzar fikir mübadiləsi aparılmışdır.

 

Sonda qonaqlar Xidmətin yeni inzibati binası ilə tanış olmuşlar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur