Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Xaçmaz Regional İdarəsinin açılış mərasimi keçirilmişdir

11 iyun 2010-cu il tarixdə Xaçmaz rayonunda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Regional İdarəsi üçün inşa edilmiş yeni inzibati binanın açılış mərasimi keçirilmişdir. Mərasimdə Xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov, rayon rəhbərliyi, habelə rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, xidmət, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

 

Mərasim iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə tər güllər düzmüş, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etmişlər.

 

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev yeni binanın istifadəyə verilməsi münasibətilə xidmət əməkdaşlarını təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

 

Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov mərasimdə çıxış edərək bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bölgədə liderlik qazanan yeganə dövlətə çevrilmşdir. Son illər ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, energetika və nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda, Azərbaycan Respublikasının geosiyasi mövqeyi miqrasiya axınlarının artmasına səbəb olmuşdur ki, bu da öz növbəsində ölkənin inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini zəruri etmişdir.

 

Miqrasiya sahəsində idarəetmə mexanizminin, o cümlədən Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində göstərilən xüsusi diqqət və qayğıya, eləcə də əldə edilmiş bütün uğurlara görə Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirən Xidmət rəisi qeyd etmişdir ki, müraciət edənlərin rahatlığının təmin edilməsi, onların Dövlət Miqrasiya Xidmətinə müraciət etmək üçün regionlardan uzaq məsafə qət etməməsi, həmçinin xidmətin fəaliyyətinin genişləndirilməsi məqsədi ilə qurumun regional idarələrinin təşkili işi uğurla davam etdirilir. Dövlət Miqrasiya Xidmətinin dörd regional idarəsinin – Bakı, Şirvan, Yevlax və Lənkəran regional idarələrinin artıq işə düşdüyünü nəzərə çatdıran Arzu Rəhimov, hazırda digər regionlarda da idarə və qanunsuz miqrantların saxlanılma mərkəzlərinin tikinti işlərinin intensiv davam etdirildiyini bildirmişdir.

 

Arzu Rəhimov çıxışının sonunda Dövlət Miqrasiya Xidmətinin tarixinə yazılacaq bu mühüm gün münasibəti ilə bütün xidmət əməkdaşlarını, rayon sakinlərini təbrik etmişdir. Ümidvar olduğunu bildirmişdir ki, Xaçmaz Regional Miqrasiya İdarəsi Dövlət Miqrasiya Xidmətinin bir qolu olaraq qarşıya qoyulan vəzifə və tapşırıqları vaxtında yerinə yetirəcək, öz üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gələcəkdir.

 

Rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları Xaçmaz Regional Miqrasiya İdarəsinin inzibati binası və burada yaradılmış iş şəraiti ilə tanış olmuşlar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur