DMX rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmişdir
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidməti baş direktorunun dəvəti ilə bu ölkəyə səfəri davam edir. Aprelin 24-də Xidmət rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti ermənilər tərəfindən törədilmiş, əsrin faciəsi - Xocalı soyqırımı qurbanlarının xatirəsinə Haaqa şəhərində ucaldılmış abidəni ziyarət etmişdir. "Kamperfoeliestraat" parkında yerləşən abidənin önünə gül dəstəsi qoyulmuş, erməni vandalizminin qurbanı olmuş azərbaycanlıların xatirəsi ehtiramla yad olunmuşdur. 1915-ci ildə törədilməsi iddia olunan qondarma soyqırımı ilə dünyanı aldatmağa çalışan ermənilərin özlərini məzlum kimi göstərməyə çalışdıqları halda XX əsrin sonlarında bəşəriyyətin gözü qarşısında Xocalıda törətdikləri vəhşiliklər təkcə Azərbaycan xalqına qarşı yox, ümumiyyətlə insanlıq əleyhinə yönəlmiş cinayətdir. Son illər Xocalıya ədalət kampaniyası çərçivəsində erməni vandalizmi barədə əsl həqiqətin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülmüş işlərə diqqət çəkilmişdir.
Xatırladaq ki, abidədə körpəsini erməni qəsbkarlarından qorumaq üçün başının üzərinə qaldıran ana təsvir olunub.
Mərasimdə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri Mirhəmzə Əfəndiyev, eləcə də diplomatik nümayəndəliyimizin əməkdaşları iştirak etmişlər.