18 iyun “İnsan Hüquqları Günü” münasibətilə Dövlət Miqrasiya Xidməti paytaxtda və bölgələrdə tədbirlər keçirib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə hər il qeyd olunan 18 iyun “İnsan Hüquqları Günü” münasibəti ilə mayın 18-dən iyunun 18-dək davam edən insan hüquqları aylığı çərçivəsində Dövlət Miqrasiya Xidməti rəisinin təsdiq etdiyi “Tədbirlər planı”na əsasən Xidmətin aparatında və regional miqrasiya idarələrində insan hüquq və azadlıqlarından bəhs edən mövzularda tədbirlər keçirilib.

DMX aparatında Xidmətin struktur bölmə və sisteminə daxil olan qurum rəhbərlərinin iştirakı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunması istiqamətində DMX tərəfindən aparılan işlərin vəziyyəti”nə həsr olunmuş müşavirədə görülmüş işlər və qarşıda duran vəzifələr təhlil olunub.

Dövlət Miqrasiya Xidmətinin Şirvan  regional miqrasiya idarəsinin əhatə etdiyi Şirvan və Şəki  regional miqrasiya idarəsinin əhatə etdiyi Şəki şəhərlərində “Vətəndaşsızlığın aradan qaldırılması istiqamətində görülmüş tədbirlər”lə bağlı müzakirələrin aparıldığı görüşlərdə isə son illər ölkəmizdə bu istiqamətdə atılmış əsaslı addımlardan söhbət açılıb. Xaçmaz regional miqrasiya idarəsinin əhatə etdiyi Quba şəhərində “İnsan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqaməti kimi” mövzusunda tədbir də iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda keçirilmiş tədbirlərdə iştirak edən ictimaiyyət nümayəndələrini maraqlandıran suallar Dövlət Miqrasiya Xidmətinın səlahiyyətli əməkdaşları tərəfindən cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur