Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının17-ci iclasında iştirak edib
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti “XXI əsrin müasir tendensiyaları: miqrasiya sahəsində əməkdaşlıq” mövzusunda dəyirmi masada və Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 17-ci iclasında iştirak etmək məqsədilə aprelin 13-dən 16-dək Moskva şəhərində rəsmi səfərdə olub.
14 aprel 2015-ci il tarixdə Rusiya Federasiyası Federal Miqrasiya Xidmətinin və Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının birgə təşkilatçılığı ilə keçirilmiş “XXI əsrin müasir tendensiyaları: miqrasiya sahəsində əməkdaşlıq” mövzusunda MDB iştirakçı dövlətlərin miqrasiya orqanları rəhbərlərinin, beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələrinin və müstəqil ekspertlərin iştirak etdiyi dəyirmi masada Azərbaycan Respublikası nümayəndə heyəti rəhbərinin “Azərbaycan Respublikasında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində beynəlxalq əməkdaşlıq” adlı məruzəsi dinlənilib.
Miqrasiya Orqanları Rəhbərləri Şurasının iclası çərçivəsində “Miqrasiya sahəsində model sazişlərin hazırlanmasının gedişi haqqında”, “MDB iştirakçı dövlətlərində miqrasiyanın vəziyyəti haqqında”, “MDB iştirakçı dövlətlərində miqrantların müəyyənləşdirilməsinə və təsnifatlaşdırılmasına, həmçinin ölkələrarası müqayisənin zəruriliyi, o cümlədən məlumatların ölçmə alətləri, toplanılması və emalı da nəzərə alınmaqla, əhalinin miqrasiya uçotunun metodologiyasının hazırlanmasında vahid yanaşmanın formalaşması haqqında”, “MDB iştirakçı dövlətlərində əmək fəaliyyətinin həyata keçirilməsi üçün əməkçi miqrantların mütəşəkkil qaydada cəlb olunmasının ümumi prinsip və mexanizmlərinin realizasiyasına dair ikitərəfli sazişlərin hazırlanmasının gedişi haqqında”, “MDB iştirakçı dövlətlərin vətəndaşlarının etibarsız sənədlərinin ümumi bazasının yaradılması, həmçinin adıçəkilən ümumi bazanın Əsasnaməsinin hazırlanması haqqında”, “MDB iştirakçı dövlətlərinin ərazisində əməkçi miqrantların elektron kartının tətbiq edilməsi üzrə əməkdaşlıq haqqında Saziş layihəsi barədə”, “Sığınacaq verilməsi sahəsində Rusiya Federasiyasının təcrübəsi haqqında”, “MDB iştirakçı dövlətlərinin ərazisinə daxil olan üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin vahid uçot sisteminin yaradılması işinin gedişi haqqında”, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının təcrübəsi haqqında”, “MDB iştirakçı dövlətlərdən olan uzunmüddətli miqrantların inteqrasiyasına ümumi yanaşmaya dair Saziş layihəsi ilə bağlı ekspert məsləhətləşmələrinin nəticələri barədə”,“2012-2014-cü illər üzrə MDB iştirakçı dövlətlərinin qanunsuz miqrasiyanın qarşısının alınmasına dair əməkdaşlıq Proqramının yerinə yetirilməsinin yekunu barədə”, “Əmək fəaliyyətlərini həyata keçirmələri üçün miqrantları qəbul edən ölkəyə gedənə qədər onların hüquqi mədəniyyətlərinin artırılması, yaşayacağı ölkənin qanunvericiliyinə, dilinə və mədəniyyətinə hörmətlə yanaşmanın formalaşdırılması məqsədilə əməkçi miqrantların məlumatlandırılması üzrə Tacikistan Respublikasının təcrübəsinə dair”, “Belarus Respublikası Daxili İşlər Nazirliyinin Akademiyasının miqrasiya və insan alverinə qarşı mübarizə sahəsində kadrların hazırlanması, ixtisasının artırılması və yenidən hazırlanması üzrə Beynəlxalq Təhsil Mərkəzinin bazasında “Qaçqınların beynəlxalq və milli müdafiəsi” ixtisasartırma kursunun tətbiqi haqqında”, “Miqrasiya sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın vəziyyəti haqqında”, “MDB iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 18-ci iclasının gündəliyinin layihəsi, keçirilmə tarixi və yeri haqqında” qərarlar qəbul edilib.
Qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi “Miqrasiya sahəsində model sazişlərin hazırlanmasının gedişi haqqında”, “MDB iştirakçı dövlətlərində miqrantların müəyyənləşdirilməsinə və təsnifatlaşdırılmasına, həmçinin ölkələrarası müqayisənin zəruriliyi, o cümlədən məlumatların ölçmə alətləri, toplanılması və emalı da nəzərə alınmaqla əhalinin miqrasiya uçotunun metodologiyasının hazırlanmasında vahid yanaşmanın formalaşması haqqında”, “MDB iştirakçı dövlətlərin vətəndaşlarının etibarsız sənədlərinin ümumi bazasının yaradılması, həmçinin adıçəkilən ümumi bazanın Əsasnaməsinin hazırlanması haqqında”, “MDB iştirakçı dövlətlərinin ərazisində əməkçi miqrantların elektron kartının tətbiq edilməsində əməkdaşlıq haqqında Saziş layihəsi barədə”, “MDB iştirakçı dövlətlərinin ərazisinə daxil olan üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin vahid uçot sisteminin yaradılması işinin gedişi haqqında” qərarlar istisna olmaqla, digər qərarlara qoşulub.
“MDB iştirakçı dövlətlərində əmək fəaliyyətinin həyata keçirilməsi üçün əməkçi miqrantların mütəşəkkil qaydada cəlb olunmasının ümumi prinsip və mexanizmlərinin realizasiyasına dair ikitərəfli sazişlərin hazırlanmasının gedişi haqqında” qərar isə ölkə rəhbərliyinin xüsusi rəyləri nəzərə alınmaqla imzalanıb.
İclasın gündəliyinə Azərbaycan tərəfinin təklifi ilə salınmış “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının təcrübəsi haqqında” məruzədə nümayəndə heyətinin rəhbəri Ermənistanın ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 250 min azərbaycanlının öz doğma yurdlarından zorla qovularaq Azərbaycana pənah gətirməsi, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin – Dağlıq Qarabağın, həmçinin ona bitişik olan 7 rayonun ərazisinin işğal olunması və 700 min nəfərədək, o cümlədən Ermənistan Respublikası ilə həmsərhəd rayonlardan həyat üçün təhlükəli yaşayış məntəqələrini tərk etmiş vətəndaşlarımızın öz doğma yurdunda məcburi köçkünə çevrilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öldürülmüş, yaralanmış, əlil olmuş azərbaycanlıların sayı, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun qəbul edilmiş 4 qətnamənin tələblərinin Ermənistan tərəfindən bu günədək yerinə yetirilməməsi, eyni zamanda məcburi köçkünlərin, eləcə də ölkəmizdə qaçqın statusu almış şəxslərin problemlərinin həlli üzrə görülmüş işlər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Məruzədə əksini tapmış faktlara Şura üzvləri tərəfindən hər hansı bir etiraz edilməyib, əksinə Ermənistan Respublikasının nümayəndəsi adıçəkilən məruzə ilə bağlı qəbul edilmiş qərarı imzalayıb.
MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının növbəti - 18-ci iclasının 2015-ci ilin payızında Rusiya Federasiyasının Sankt Peterburq şəhərində keçirilməsi qərara alınıb.
İclas zamanı Rusiya Federasiyası Federal Miqrasiya Xidmətinin nümayəndələri ilə keçirilmiş ikitərəfli görüş zamanı “Rusiya Federasiyasının Federal Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi ilə bağlı müzakirə aparılıb, işlərin sürətləndirilməsi və layihənin cari ilin sonuna qədər imzalanması barədə razılığa gəlinib.
Həmçinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və Rusiya Federasiyasına girişlərinə əsassız olaraq məhdudiyyətlər qoyulması ehtimal edilən Azərbaycan Respublikası vətəndaşlarının adlı siyahısı qarşı tərəfə təqdim edilib və müraciətlərlə bağlı qəbul olunacaq yekun qərarların nəticəsi barədə məlumat verilməsi razılaşdırılıb.