newsPhoto

“Dövlət Miqrasiya Xidmətinin işçi heyətinin professional bacarıqlarının artırılmasına dəstək” adlı Tvinninq layihəsinin bağlanış mərasimi keçirilib

Martın 6-da Bakıda Avropa İttifaqı ilə Dövlət Miqrasiya Xidmətinin birgə həyata keçirdiyi “Dövlət Miqrasiya Xidmətinin işçi heyətinin professional bacarıqlarının artırılmasına dəstək” adlı Tvinninq layihəsinin bağlanış mərasimi keçirilib.

Layihənin başa çatması münasibətilə təşkil olunmuş mərasimdə Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev bildirib ki, Xidmətin təşəbbüsü ilə Avropa Komissiyasına təqdim edilib, ümumi dəyəri 1.050.000 (bir milyon əlli min) Avro məbləğində müəyyənləşdirilib və 2 il 3 aylıq dövrü əhatə edən Tvinninq layihəsi üzrə müvafiq tədbirlərin icrası 2013-cü ilin yanvar ayından başlayıb və bu günədək davam edib.

Ötən dövr ərzində Avropa İttifaqına üzv olan Niderland Krallığı, Latviya və Rumıniya Respublikalarının miqrasiya sahəsində fəaliyyət göstərən aidiyyəti qurumları ilə 4 komponent üzrə birgə 53 tədbir həyata keçirilib. Bura təlimlər, seminarlar, təlim səfərləri, rüblük rəhbər görüşləri və digər tədbirlər aiddir.

Tvininnq layihəsi üzrə Dövlət Miqrasiya Xidmətinin tərəfdaşı olmuş hər üç dövlətin - Niderland Krallığı, Latviya Respublikasının və Rumıniya Respublikasının nümayəndələrinə və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə layihənin gerçəkləşdirilməsində göstərdikləri dəstəyə görə minnətdarlıq ifadə olunub.

Tədbirdə Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru xanım Rodia Maas, Niderland Krallığının İmmiqrasiya və Naturalizasiya Xidmətinin baş direktoru Rob Van Lint, Latviya Respublikasının Vətəndaşlıq və miqrasiya məsələləri üzrə idarə rəisi Vilnis Yekabsons, Rumınyanın İmmiqirasiya üzrə Baş Müfəttişliyinin idarə rəisi Octavian Predescu, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin proqram meneceri Miguel Margo Gomez çıxış ediblər.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev “Dövlət Miqrasiya Xidmətinin işçi heyətinin professional bacarıqlarının artırılmasına dəstək” adlı Tvinninq layihəsinin bağlanış mərasiminin iştirakçıları ilə görüşüb.

Xidmət rəisi qloballaşan dünyada miqrasiya siyasətinin ölkəmizin siyasi və iqtisadi maraqlarına yönəldilməsi məqsədi ilə görülən işlərdən danışıb. F.Nəbiyev Azərbaycan Respublikasında miqrasiya ilə bağlı mükəmməl qanunvericilik bazasının yaradılması və normativ-hüquqi sənədlərin tətbiqi, qanuni miqrasiyanın idarəolunması və qanunsuz miqrasiyaya qarşı effektiv və səmərəli mübarizə sahəsindəki yeniliklərdən bəhs edib. Qeyd edib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sürətli inkişafı ilə əlaqədar olaraq miqrasiya proseslərinin intensiv xarakterinə və miqrant axınının əvvəlki illərə nisbətən artmasına baxmayaraq miqrasiya proseslərinin idarə edilməsi  və tənzimlənməsində Dövlət Miqrasiya Xidməti müsbət nəticələrə nail olub. Bu uğurların qazanılmasında beynəlxalq təcrübənin öyrənilməsinin, konkret olaraq Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşməsinə  daha bir töhfə olan 2013-cü ildən başalmış və bu gün bağlanış mərasimi keçirilən Tvinninq layihəsinin əhəmiyyətinə diqqət çəkib. Layihənin hər bir komponenti üzrə mühüm nəticələr əldə olunub. Belə ki, layihə qanunvericiliyin təkmilləşdirilməsi, sistematik təhlil yolu ilə qeyri-qanuni miqrasiyanın qarşısının alınması, təlim vasitəsilə peşəkar bacarıqların artırılması, həmçinin ictimaiyyətin maarifləndirilməsi sahəsində bir sıra yeniliklərin tətbiq olunmasında tövhəsini verib.

Layihənin tərəfdaş ölkələrdən olan nümayəndə heyətinin üzvləri Azərbaycanla bu əməkdaşlıqdan razı qaldıqlarını, Tvinninq layihəsinin çox yüksək nəticələrlə yekunlaşdığını, Dövlət Miqrasiya Xidməti əməkdaşlarının layihənin hər bir komponenti üzrə fəallıqlarını məmnunluqla ifadə ediblər.

Layihənin müvəffəqiyyətlə həyata keçirilməsindəki xidmətlərinə görə Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru xanım Rodia Maas, Latviya Respublikasının Vətəndaşlıq və miqrasiya məsələləri idarə rəisinin müavini Janis Citskovskis, Rumınyanın İmmiqirasiya üzrə Baş Müfəttişliyinin idarə rəisi Octavian Predescu və daimi   tvinninq müşaviri Timoteüs Henricus Langemeijer fəxri fərmanla təltif olunublar.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur