newsPhoto

Dövlət Miqrasiya Xidməti Zərdab rayonunda maarifləndirmə tədbiri keçirib və səyyar xidmət təşkil edib

Yevlax regional miqrasiya idarəsinin əhatə etdiyi Zərdabda  əvvəlcə 150-ə yaxın ictimaiyyət nümayəndəsinin, əcnəbi və vətəndaşlığı olmayan şəxsin, o cümlədən yerli icra hakimiyyəti orqanları və təhsil işçilərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayev belə bir görüşün, maarifləndirmə tədbirinin və Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunmuş səyyar xidmətin əhəmiyyətini qeyd edib.

Xidmətin məsul əməkdaşı məlumat verib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş Dövlət Miqrasiya Xidməti ölkədə miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, sənədləşmənin sadələşdirilməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi, onların hüquqlarının müdafiəsi sahəsində səmərəliliyin artırılması istiqamətində tədbirləri daha da genişləndirib.

Bildirilib ki, bu gün Dövlət Miqrasiya Xidmətinin  Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur.

İştirakçılarının nəzərinə çatdırılıb ki, Dövlət Miqrasiya Xidməti  tərəfindən ASAN xidmət mərkəzlərində bir neçə xidmət növü təqdim olunur. Belə ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikamızda müvəqqəti və yaxud daimi yaşama, həmçinin onların ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrinin verilməsi, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi kimi  müraciətlər qəbul edilir.

Görüşdə vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən görülən tədbirlərdən də ətraflı söhbət açılıb. Vurğulanıb ki, vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq  işlər davam etdirilməkdədir. Görülən tədbirlərin nəticəsidir ki, təkcə 2016-cı ilin 1-cü rübündə Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş  147 əcnəbi və vətəndaşlığı olmayan  şəxsin 117-i vətəndaşlığı olmayan şəxsdir. Rüb ərzində Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmiş  şəxslərin sayı isə 5 nəfər olub.

Vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı müraciətlərin  sayı bu ilin üç ayında 10 mindən çoxdur, onlardan da 9262 nəfər Azərbaycan Respublikasının vətəndaşı sayılıb.

Tədbirdə qeyd olunub ki, əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əcnəbilərin ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılmasına yol vermirdi, amma hazırkı qanunvericiliklə bu məhdudiyyət aradan qaldırılıb. “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na əsasən beynəlxalq standartalara uyğun olaraq tərtib edilmiş məşğulluq təsnifatının mahiyyəti, müəyyən olunmuş əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat formasının Dövlət Miqrasiya Xidmətinin internet səhifəsində (http://migration.gov.az) yerləşdirilməsi və onlayn rejimdə qəbulu barədə də izahedici söhbət aparılıb. Həmçinin, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə yaradılan Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurasının fəaliyyəti haqqında da məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra səyyar xidmət həyata keçirilib. Səyyar xidmətin imkanlarından müraciət edən 39 şəxs  istifadə edib. Onlardan 18 nəfərindən vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, əcnəbi və ya vətəndaşlığı olmayan 1  nəfərdən müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı sənədlər qəbul olunub.  2 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 3 nəfərə  vətəndaşlıq mənsubiyyətinin  müəyyən olunması ilə bağlı arayış verilib. 15 şəxsə isə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, müvəqqəti, həmçinin daimi yaşama icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub. Müraciət edənlər adından Gülağa İsgəndərov və Bayram Xəlilov maarifləndirmə tədbirinin keçirilməsinə və səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildirblər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur