newsPhoto

Maarifləndirmə tədbirləri çərçivəsində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Bakıda və Sumqayıtda görüşlər keçirib  

Ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Miqrasiya Məcəlləsinin tələblərinə əsasən olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşama, o cümlədən iş icazələrinin alınması prosedurları və ümumiyyətlə miqrasiya prosesləri ilə bağlı  maarifləndirilməsi  istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunmuş görüşlər davam etdirilir.

Bakı Dövlət Universitetində keçirilən görüşdə Azərbaycanda  miqrasiya proseslərini əhatə edən yeniliklərdən söhbət açılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə miqrasiya qanunvericiliyinə edilmiş bir sıra dəyişikliklərə diqqət çəkilib. Olduğu yer üzrə qeydiyyat müddətinin 3 gündən 10 günədək artırılması bu yeniliklərin nümunəsi kimi qeyd olunub. Həmçinin Azərbaycanda təhsil alan xarici tələbələrə miqrasiya sahəsində nəzərdə tutulan güzəştlərə toxunulub. Belə ki, onlara respublikamızın ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətin 1 ilədək uzadılmasına görə dövlət rüsumunun 40 manat müəyyənləşdirildiyi bildirilib. Hansı ki, yetkinlik yaşına çatmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu məbləğ 120 manatdır. Bundan əlavə DMX-nin təqdim etdiyi xidmətlər üzrə bir sıra prosedurlar sadələşdirilib, elektron xidmətlərin sayı artırılıb.

Sumqayıt Dövlət Universitetində təşkil olunmuş görüşdə də Azərbaycanın sosial iqtisadi inkişafının nəticəsi kimi ölkəmizə miqrant axınına diqqət çəkilib. Miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində görülən işlərdən danışılıb. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti və daimi yaşama icazələri almaları üçün müəyyən olunmuş əsaslar barədə məlumat verilib. Əcnəbinin ölkəmizdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi üçün  iş icazələrinin alınması prosedurları izah olunub. Əcnəbi elm xadimlərinin və tələbələrin miqrasiya qanunvericiliyinin tələblərinə uyğun olaraq maarifləndirilməsi ilə bağlı görüşlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Hər iki görüşdə iştirakçıları maraqlandıran bir sıra suallar cavablandırlıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur