Miqrasiya sahəsindəki yeniliklərlə bağlı maarifləndirmə tədbirləri müsbət nəticəsini verir  

İctimaiyyət nümayəndələrinin, sahibkarların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə miqrasiya sahəsində baş verən yeniliklərlə məlumatlandırılması və maarifləndirilməsi istiqamətində görüşlər davam etdirilir.

Dövlət Miqrasiya Xidməti ilə İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi müşavirədə də son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sürətli sosial-iqtisadi inkişafın nəticəsi olaraq xarici miqrantların təkcə Azərbaycan paytaxtına deyil,  respublikamzın bölgələrinə də üz tutduqlarına diqqət çəkilib. Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev İmişlidə həyata keçirilən abadlıq-quruculuq işlərindən söhbət açıb, kənd təsərrüfatının inkişafı, yeni sənaye müəssisələrinin yaradılması ilə bağlı atılan addımlardan bəhs edib. Xarici investorların ölkəmizdə qeyri-neft sektoruna göstərdiyi marağa toxunub. Belə olan halda Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında miqrasiya proseslərinin idarəedilməsi və tənzimlənməsi ilə bağlı görülən işlər təqdir olunub. Bu sahədə beynəlxalq təcrübənin öyrənildiyi, mükəmməl qanunvericiliyin yaradıldığı bildirilib.  Qeyd edilib ki, mütəmadi hal alan, genişmiqyaslı  maarifləndirmə tədbirləri bu yeniliklərin diqqətə çatdırılması üçün öz səmərəsini verir.

Baş miqrasiya xidməti müşaviri Siyasət Alıyev Miqrasiya Məcəlləsinə edilmiş son dəyişikliklərdən ətraflı danışıb. Respublikamıza təşrif buyuran ölkəmizdə olmasını və yaşamasını leqallaşdıran hər bir əcnəbinin hüquq və azadlıqlarının qanunla qorunduğunu konkret faktlarla açıqlayıb. Qanunsuz miqrasiyaya qarşı isə ciddi mübarizə tədbirlərinin görüldüyünü bildirib. Görüşdə işəgötürən tərəfindən ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən  əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə müntəzəm olaraq həyata keçirilən mübarizə tədbirləri haqqında da məlumat verilib.

Dövlət başçısının diqqət və qayğısı əsasında nəinki Xidmətin aparatında, həmçinin tam gücü ilə fəaliyyət göstərən regional miqrasiya idarələrində yüksək xidməti şəraitin yaradıldığı da minnətdarlıq hissi ilə vurğulanıb.

Təhsil Nazirliyinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri ilə Dövlət Miqrasiya Xidmətinin aparatında təşkil olunmuş görüşdə isə Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərində təhsil alan əcnəbi şagirdlərin ölkədə yaşamalarının qanuniləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Bu istiqamətdə birgə müvafiq iş aparılmasının, məktəb direktorlarının bu prosesdə yaxından iştiraklarının zəruriliyi əsaslandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur