Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin iyirminci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir

20 yanvar 2010-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin iyirminci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

 

Mərasim iştirakçıları Şəhidlər Xiyabanını ziyarət etmiş, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.

 

Sonra tədbir Dövlət Miqrasiya Xidmətinin inzibati binasında davam etdirilmişdir. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 

Xidmət rəisi Arzu Rəhimov çıxış edərək xalqımızın faciəvi, eyni zamanda, tariximizin şərəfli səhifəsinə çevrilmiş 20 Yanvar hadisələrinin dəhşətlərindən bəhs etmiş, həmin gecə Azərbaycan xalqının öz müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan övladlarının Azərbaycana təcavüz edən imperiyanın hərb maşınının - ağır hərbi texnikanın, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın şəkildə çıxmasından, öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə imza atmalarından danışmışdır.

 

Ulu öndərin təşəbbüsü ilə bu qanlı faciəyə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini vurğulayan xidmət rəisi bildirmişdir ki, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn dahi şəxsiyyət Heydər Əliyev qanlı terror aktının təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə ittiham etmiş, cəsarətli və ifşaedici bir bəyanatla çıxış etmişdir. Bu bəyanatla Heydər Əliyev ilk olaraq 20 Yanvar faciəsinin əsl siyasi-hüquqi qiymətini vermişdir: “20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməməsi Ulu öndəri ciddi narahat edirdi. 1990-cı ilin noyabr ayında dahi şəxsiyyətin böyük siyasi nüfuzu sayəsində 20 Yanvar faciəsinə qiymət verilməsi məsələsi gündəliyə gəlmiş, bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabr ayının 21-də keçirilən iclası yadda qalan bir hadisə olmuşdur. Belə ki, Ulu öndər Heydər Əliyevin "1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" işləyib Ali Məclisin müzakirəsinə təqdim etdiyi qərar layihəsi deputatlar tərəfindən xalqın milli faciəsi ilə bağlı qaldırılan taleyüklü məsələ kimi  qiymətləndirilmiş və qətiyyətlə müdafiə olunmuşdur. Beləliklə də, Naxçıvan MR Ali Məclisi 1990-cı il  noyabrın 21-də "1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar qəbul etmişdir. İlk dəfə məhz bu qərarda 20 Yanvar gününün hər il Milli Matəm Günü kimi qeyd edilməsi məsələsi göstərilmişdir”.

 

Xidmət rəisi bildirmişdir ki, bununla kifayətlənməyən Heydər Əliyev Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirməyə rəvac verənlərlə mübarizəsini daha sonra Ali Sovetdə və digər istiqamətlərdə davam etdirir, böyükdən kiçiyə qədər hər kəsə məlum olan qatillərin hüquqi müstəvidə aşkar olunmasını, faciəyə siyasi qiymətin verilməsini tələb edirdi. Beləliklə, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Heydər Əliyevin 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verilməsi məsələsi yenidən gündəmə gəlmişdir. Ulu öndər dövrün mürəkkəbliyinə və görüləcək işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəblərinin və günahkarlarının araşdırılması ilə dərindən məşğul olmuşdur. Aparılan araşdırmalar nəticəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməməsində maraqlı olan qüvvələrin mövcudluğu müəyyən edilmişdir. Nəhayət, 1994-cü il martın 29-da Milli Məclis tərəfindən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edilmişdir. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, demokratik və suveren dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir. Beləliklə, Heydər Əliyevin təkidi və təşəbbüsü sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verilmişdir”.

 

Arzu Rəhimov Ulu öndər Heydər Əliyevin 20 Yanvar faciəsinin bütün dünyada tanıdılmasına, hər zaman şəhidlərin xatirəsinin əziz tutulmasına diqqətlə yanaşdığını, onun siyasi kursunu inamla davam etdirən Prezident cənab İlham Əliyev tərəfindən də ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların əziz xatirəsinin daim böyük hörmətlə yad edildiyini, o cümlədən onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədi ilə mühüm qərarlar qəbul edildiyini nəzərə çatdırmışdır.

 

Tədbirdə həmçinin Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin, onların göstərdiyi qəhrəmanlıqların heç vaxt unudulmayacağı, xatirələrinin daim uca tutulacağı bildirilmişdir.

 

Sonda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur