Dövlət Miqrasiya Xidmətinin yaradılmasının növbəti ildönümü qeyd olunub
Martın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 8 il ötür
Bu münasibətlə bu gün səhər Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və miqrasiya orqanlarının bir qrup əməkdaşı Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçək dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, "Əbədi məşəl" kompleksinin önünə əklil qoyulub.
Daha sonra Dövlət Miqrasiya Xidmətinin aparatında bu qurumun yaradılmasının ildönümünə, miqrasiya orqanları əməkdaşlarının peşə bayramına və milli varlığımızı, qədim adət-ənənələrimizi, ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən Novruz bayramına həsr olunmuş təntənəli mərasim keçirilib.
Mərasimdə əvvəlcə Dövlət himni səsləndirilib.
Sonra Dövlət Miqrasiya Xidmətinin 8 il ərzində keçdiyi xidmət yolu barədə məruzə ilə çıxış edən Xidmətin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev bildirib ki, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılıb, əsaslı tədbirlər həyata keçirilib. Belə ki, 2004-cü ildə hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən "Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası" qəbul edilib. Bu Konsepsiyanın gerçəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün 2006-cı ilin 25 iyul tarixində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı təsdiq edilib. Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxıb.
Azərbaycana gələn miqrantların sayı ildən-ilə artmaqdadır. Çünki respublikamızda böyük inkişaf, iqtisadi artım yaşanır və bu da ölkəmizi miqrantlar üçün cəlbedici edir. Bu zərurəti nəzərə alan Prezident İlham Əliyev 19 mart 2007-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzalayıb. Xidmət rəisi Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli Sərəncamı ilə isə martın 19-nun Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü elan olunduğunu xatırladıb.
DMX-nin qısa zamanda böyük inkişaf yolu keçdiyinə diqqət yetirən II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Dövlət Miqrasiya Xidmətinin həyatında yaddaqalan ən önəmli hadisələrdən biri kimi ötən il Xidmətin yeni inzibati binasının tikintisi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyul 2014-cü il tarixli sərəncamını qeyd edib. O bildirib ki, Azərabaycan Prezidentinin bu diqqət və qayğısı miqrasiya orqanları əməkdaşlarının vətənpərvərlik ruhunun, əzmkarlıqlarının daha da yüksəlməsinə səbəb olur.
DMX-nin yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik mobil bir quruma çevrildiyini məmnunluqla vurğulayan Xidmət rəisi bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daim göstərdiyi xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirib.
Minnətdarlıqla qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti əməkdaşlarının Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət etməsi, fədakarlığı Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindən kənarda qalmayıb və bir çox miqrasiya qulluqçusu dövlət mükafatlarına layiq görülüb.
Hər bir əməkdaşdan üzərinə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirməyi, təhlükəsizliyin, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminini tələb edən bu ali diqqət və qayğının əyani təzahürüdür ki, Dövlət Miqrasiya Xidmətinin yaradılmasının növbəti ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti tərəfindən imzalanmış müvafiq sərəncamlarla miqrasiya qulluqçularından 1 nəfərinə “II dərəcəli dövlət miqrasiya xidməti müşaviri” ali xüsusi rütbəsi verilib, 1 nəfər “III dərəcəli “Vətənə xidmətə görə”” ordeni ilə təltif edilib, 11 əməkdaş "Miqrasiya qulluğunda fərqlənməyə görə" medalına layiq görülüb.
Xidmət rəisi deyib ki, bu gün miqrasiya proseslərinin tənzimlənməsində və idarəolunmasında qabaqcıl beynəlxalq təcrübə öyrənilərək tətbiq olunur, müasir dövrün tələbləri nəzərə alınmaqla miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir, kadrların bilik və bacarıqlarının artırılması üzrə təlim və seminarlar keçirilir, müasir texniki avadanlıqlarla təmin edilməklə Xidmətin infrastrukturu genişləndirilir.
Sözügedən qurumun bir xidmət sahəsi kimi beynəlxalq standartalara malik olduğunu deyən II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev qeyd edib ki, bunun üçün əsas amillərdən olan maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində geniş işlər aparılır, regional miqrasiya idarələrinin əksəriyyəti üçün inzibati binalar tikilb, yüksək xidməti şərait yaradılıb. O, nəzərə çatdırıb ki, Prezident İlham Əliyevin bu ali diqqət və qayğısına Dövlət Miqrasiya Xidmətinin əməkdaşları öz peşəkar xidmətləri ilə cavab verirlər.
F.Nəbiyev Dövlət Miqrasiya Xidməti kollektivinin bu günkü firəvan həyatımızın təmin olunmasında müstəsna xidmətləri olmuş Ümummilli lider Heydər Əliyev ideyalarına sadiq, dövlətçiliyimizin, milli mənafelərimizin keşiyində hər zaman ayıq-sayıq dayandıqlarını, milli və iqtisadi təhlükəsizliyimizin qorunmasında əsas qüvvələrdən biri olduğunu xüsusi qeyd edib.
Xidmət rəisi əminlik ifadə edib ki, bu ilin yayında ölkəmizdə keçiriləcək 1-ci Avropa Oyunları zamanı da miqrasiya orqanları əməkdaşları öz missiyalarını layiqincə yerinə yetirmək üçün bütün qüvvə və səylərini səfərbər edəcəklər.
Daha sonra Dövlət Miqrasiya Xidmətinin yaradılmasının ildönümü və peşə bayramı münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi sərəncamlar, həmçinin, xidmət rəisinin imzaladıqları əmrlər elan olunub. Xidmətdə fərqlənmiş əməkdaşlardan 53-ü fəxri fərman, 7-i “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” medalı ilə təltif olunub. 42 miqrasiya qulluqçusuna növbəti, növbədənkənar və vaxtından əvvəl xüsusi rütbələr təqdim edilib.
Təntənəli mərasimin sonunda tədbir iştirakçıları Dövlət Miqrasiya Xidmətinin fəaliyyətindən bəhs edən filmə baxıblar.