Dövlət Miqrasiya Xidmətinin rəisi Rusiya Federasiyasının Azərbaycandakı səfirini qəbul etmişdir
15 yanvar 2010-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini qəbul etmişdir.
Görüşdə xidmət rəisi Arzu Rəhimov Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, fəaliyyəti, həmçinin son bir il ərzində Azərbaycan Respublikasının qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər barədə ətraflı məlumat vermişdir.
Səmimi qəbula görə təşəkkür edən səfir Vladimir Doroxin Azərbaycanda miqrasiya sahəsində aparılan islahatlara maraq göstərdiyini, Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşdığını vurğulamışdır. Qonaq bildirmişdir ki, təmsil etdiyi ölkənin səfirliyi ilə Dövlət Miqrasiya Xidməti arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün çalışacaq, o cümlədən, Azərbaycan Respublikası ərazisində olan, yaşayan və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Rusiya Federasiyası vətəndaşlarının müvafiq sənədləşmə və qeydiyyat məsələləri ilə əlaqədar səylərini əsirgəməyəcəkdir.
Görüşdə tərəflər arasında hər iki ölkənin miqrasiya sahəsində qanunvericiliyi və mövzu ilə əlaqədar maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.