newsPhoto

Dövlət Miqrasiya Xidmətində 31 mart soyqırımı qurbanlarının xatirəsi anılmışdır  

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Sonra Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev zaman-zaman ermənilərin  xalqımıza qarşı həyata keçirdiyi etnik təmizləmə, işğal siyasəti, xüsusən də 1918-ci ilin mart hadisələri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, 1918-ci ilin mart hadisələri vaxtı Bakıda, Qubada, Şamaxıda, Göyçay qəzasında, Gəncədə, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda on minlərlə əliyalın dinc azərbaycanlı erməni vəhşiliyinin qurbanı olmuşdur. Məhz Quba məzarlığının aşkarlanması saxta erməni soyqırımı uydurması ilə beynəlxalq birliyi aldadan ermənilərə və onların havadarlarına zamanın verdiyi cavab oldu.

Ermənilərin törətdiyi vəhşilik - 31 mart 1918-ci il soyqırımı hüquqi və dolğun qiymətini məhz xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə almışdır. Azərbaycan Prezidentinin 1998-ci il 26 mart tarixində imzaladığı fərmanla dünyanın diqqətini tarixən Azərbaycan xalqının başına gətirilən faciələrə, soyqırımı aktlarına yönəltmişdir. Bundan sonra hər il martın 31-i ölkəmizdə, eləcə də dünyanın müxtəlif ölkələrində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməyə başlamışdır. Bu tədbirlərin keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu gün də davam edən erməni terroruna, separatçılığına cəlb etməkdir. 

Ulu öndərin müdrik siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin bütün sahələrində olduğu kimi hərbi gücünün də gündən-günə gücləndiyi qeyd edilmiş, əzəli dədə-baba torpaqlarımızın işğaldan azad ediləcəyi, hər bir azərbaycanlının yurd-yuvasına qayıdacağı əminliklə qeyd edilmişdir.

Tədbirin sonunda “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” sənədli filmi nümayiş etdirilmişdi.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur