Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin ölkədə olma və yaşama qaydaları ilə bağlı növbəti hüquqi-maarifləndirici tədbir keçirilmişdir
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 19 mart 2007-ci il tarixli 560 saylı Fərmanına uyğun olaraq, qanunsuz miqrasiyanın qarşısının alınması, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində olma və yaşama qaydaları ilə bağlı hüquqi-maarifləndirici tədbirlərin təşkili işi mütəmadi davam etdirilir.
Növbəti belə tədbir 14 yanvar 2010-cu il tarixdə Azərbaycan Respublikasında fəaliyyət göstərən Amerika Ticarət Palatasına üzv şirkətlərin nümayəndələri üçün təşkil edilmişdir.
Tədbirdə xidmət ekspertləri Dövlət Miqrasiya Xidmətinə müraciət edən şəxslərin sənədləşmə - Azərbaycan Respublikası ərazisinə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma müddətlərinin uzadılması, müvəqqəti və ya daimi yaşamaları, həmçinin əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınma məsələləri ilə bağlı ətraflı məlumat vermişlər.
Sonda miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi və yaxud onlar barəsində görülməsi nəzərdə tutulan tədbirlərlə əlaqədar iştirakçıları maraqlandıran suallar cavablandırılmış, bu və digər məsələlərə aydınlıq gətirilmişdir.