Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional İdarəsinin açılış mərasimi keçirilmişdir

20 Noyabr 2009-cu il tarixdə Lənkəran şəhərində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Regional İdarəsinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov, Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov, Lənkəran şəhər hüquq-mühafizə orqanlarının rəhbərləri, xidmət, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

 

Mərasim iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə tər güllər düzmüş, dahi şəxsiyyətin xatirəsini hörmətlə yad etmişlər.

 

Tədbiri açıq elan edən Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov Dövlət Miqrasiya Xidmətinin yaranma tarixindən, fəaliyyətindən, qısa müddət ərzində əldə etdiyi uğurlardan danışmışdır. Dövlət Miqrasiya Xidmətinin Regional İdarəsinin Lənkəranda açılışından məmnunluq duyduğunu ifadə edən icra başçısı Azərbaycanın cənub bölgəsində belə bir idarənin fəaliyyətə başlamasının ölkəmizdə miqrasiya məsələlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini bildirmişdir. 

 

Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bölgədə liderlik qazanan yeganə dövlətə çevrilmşdir. Son illər ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, energetika və nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda, Azərbaycan Respublikasının geosiyasi mövqeyi miqrasiya axınlarının artmasına səbəb olmuşdur ki, bu da öz növbəsində ölkənin inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini zəruri etmişdir.

 

8 aprel 2009-cu il tarixli Fərmanla Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusunun verildiyini diqqətə çatdıran Arzu Rəhimov miqrasiya sahəsində idarəetmə mexanizminin, o cümlədən Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində göstərilən xüsusi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir. Xidmət rəisi qeyd etmişdir ki, müraciət edənlərin rahatlığının təmin edilməsi, onların Dövlət Miqrasiya Xidmətinə müraciət etmək üçün regionlardan uzaq məsafə qət etməməsi, həmçinin xidmətin fəaliyyətinin genişləndirilməsi məqsədi ilə qurumun regional idarələrinin təşkili işi uğurla davam etdirilir. Dövlət Miqrasiya Xidmətinin iki regional idarəsinin – Şirvan və Yevlax regional idarələrinin ötən ilin oktyabr ayından fəaliyyətə başladığını xatırladan Arzu Rəhimov, hazırda digər regionlarda idarə və qanunsuz miqrantların saxlanma yerlərinin tikinti işlərinin davam etdirildiyini bildirmişdir.

 

Xidmət rəisi çıxışının sonunda Dövlət Miqrasiya Xidmətinin tarixinə yazılacaq bu mühüm gün münasibəti ilə bütün xidmət əməkdaşlarını, rayon sakinlərini təbrik etmişdir. Ümidvar olduğunu bildirmişdir ki, Lənkəran Regional İdarəsi Dövlət Miqrasiya Xidmətinin bir qolu olaraq qarşıya qoyulan vəzifə və tapşırıqları vaxtında yerinə yetirəcək, öz üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gələcəkdir.

 

Rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional İdarəsinin inzibati binası və burada yaradılmış iş şəraiti ilə tanış olmuşlar. Burada Lənkəranla bərabər Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Astara rayon sakinlərinə də xidmətlər göstəriləcəkdir. Bir sözlə, regionda yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər bundan sonra Azərbaycan Respublikası ərazisində olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşama, həmçinin fərdi icazələrin alınması, qaçqın statusu və vətəndaşlıq məsələləri ilə bağlı Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional İdarəsinə müraciət edə biləcəklər.

 

Müasir tələblərə uyğun inşa edilmiş regional idarənin inzibati binası iki mərtəbədən və 15 iş otağından ibarətdir.      Idarənin kompüter şəbəkəsi birbaşa Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Siteminə qoşulmuşdur.

 

Bina müasir avadanlıqlarla təmin olunmuşdur.

 

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur