newsPhoto

“Vətəndaşsızlığın aradan qaldırılması və qarşısının alınması” mövzusunda konfrans keçirilmişdir  

Aprel ayının 28-də “JW Mariott Abşeron” mehmanxanasında “Vətəndaşsızlığın aradan qaldırılması və qarşısının alınması” mövzusunda konfrans keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Daq Siqurdson çıxış etmişlər. Konfransda vətəndaşsızlıq halları, bu halların aradan qaldırılması və qarşısının alınması əsas müzakirə mövzusu olmuşdur.

Bildirilmişdir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində görülmüş  tədbirlər nəticəsində 2008-2014-cü illər ərzində 852 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuşdur. Bununla belə, bu müddət ərzində 18254 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınaraq, onlar Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilmişdirlər.

Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının vətəndaşsızlıq halları ilə mübarizə sahəsində ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələbləri istiqamətində ciddi işlər görməkdədir. Bu baxımdan qeyd etmək olar ki, daxil olan müraciətlərin aidiyyəti üzrə araşdırılması zamanı uzun müddət Azərbaycan Respublikasının ərazisində yaşayan və hazırda hər-hansı bir dövlətin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədlərə malik olmayan çoxlu sayda şəxslərin hüquqi statusunun müəyyən olunması və vətəndaşsızlıq hallarının azaldılması istiqamətində lazımi tədbirlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikasının müxtəlif regionlarında məskunlaşmış bu kateqoriyadan olan şəxslərin aşkarlanması və sənədləşdirilməsi istiqamətində Xidmətin 8 regional idarəsi və yerli icra hakimiyyətləri ilə birgə əməkdaşlıq nəticəsində 2015-ci ilin birinci rübü ərzində Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla Azərbaycan Respublikası ərazisində qeyri-qanuni yaşayan 759 şəxs aşkar olunmuşdur.

Konfrans ayrı-ayrı mövzularda təqdimatların nümayiş etdirilməsindən sonra öz işini yekunlaşdırmışdır.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur