Arzu Rəhimov BMT QAK-ın Avropa üzrə Regional Bürosunun nümayəndə heyətini qəbul etmişdir

1 iyun 2010-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Baş Qərargahının Avropa üzrə Regional Bürosunun rəis müavini Quyillermo Bettoççinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Qonaqları səmimi salamlayan Xidmət rəisi Arzu Rəhimov məlumat verərək bildirmişdir ki, son illər Azərbaycanda sosial-iqtisadi sferalarda uğurla aparılan islahatlar ölkəmizin sürətli inkişafına və buraya gələn əcnəbilərin sayının artmasına səbəb olmuşdur. Miqrasiya sahəsində proseslərin idarə edilməsi və tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Dövlət Miqrasiya Xidmətinin tarixindən danışan Xidmət rəisi qeyd etmişdir ki, bununla da ölkədə miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, sabit sosial-iqtisadi, demoqrafik inkişafın təmin edilməsi, əmək ehtiyatlarından səmərəli istifadə olunması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi üçün geniş imkanlar yaradılmışdır.

 

Cənab Quyillermo Bettoççi səmimi qəbula görə təşəkkür etmişdir. Azərbaycanın əcnəbilər üçün cəlbedici ölkəyə çevrildiyinin şahidi olduğunu deyən qonaq qeyd edilənləri nəzərə alaraq, ölkəyə müxtəlif məqsədlərlə gələn əcnəbilərlə münasibətlərin milli qanunvericiliyin tələbləri baxımından həllini təqdir edərək, qaçqın statusunun alınması məqsədi ilə müraciət edənləri də diqqətdə saxlamağın zəruriliyini bildirmişdir.

 

Xidmət rəisi Arzu Rəhimov rəhbəri olduğu qurumda qaçqın statusunun müəyyənləşdirilməsi məsələlərinin yüksək səviyyədə tənzimləndiyini qonaqların nəzərinə çatdırmışdır. Həmçinin qeyd etmişdir ki, Xidmətlə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında mövcud əməkdaşlıq münasibətləri gələcəkdə daha da inkişaf etdiriləcəkdir.

 

Görüş zamanı tərəfləri maraqlandıran bu və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılmışdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur