“Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiya üzrə Azərbaycan Respublikasının ikinci dövri məruzəsinə baxılmışdır
17-18 aprel 2013-cü ildə BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin 18-ci sessiyası çərçivəsində “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiya üzrə Azərbaycan Respublikasının ikinci dövri məruzəsinə baxılması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrə şəhərində olmuşdur.
Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri P. Musayev Azərbaycan Respublikası tərəfindən ilkin dövri məruzədən sonrakı müddət ərzində “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəalarının icrası üzrə görülmüş işlər barədə Komitə üzvlərinə ətraflı məlumat vermiş və əsas diqqəti Azərbaycan Respublikasında 2009-cu ildən bu günə qədər əməkçi miqrantların, onların ailə üzvlərinin hüquqlarının qorunması sahəsində mövcud qanunvericiliyin Konvensiyanın tələblərinə uyğunlaşdırılmasına yönəltmişdir. Həmçinin, Komitə üzvlərinə ölkədə əmək miqrasiyasının vəziyyəti, Azərbaycan Respublikasından olan əməkçi miqrantlar və onların hüquqlarının təmini sahəsində görülmüş işlər barədə geniş məlumat verilmişdir. Bildirilmişdir ki, son illər Azərbaycan Respublikasında sürətli sosial-iqtisadi inkişafın təmin edilməsi, enerji-nəqliyyat sahələrində beynəlxalq layihələrin həyata keçirilməsi, əhalinin həyat səviyyəsinin yüksəlməsi, həmçinin ölkəmizin coğrafi mövqeyi miqrasiya proseslərinin daha da intensivləşməsinə gətirib çıxarmışdır. Bunun nəticəsi olaraq, hazırda Azərbaycan vətəndaşlarının xaricə miqrasiyası kütləvi xarakter daşımır, əksinə Azərbaycana gələn əcnəbilərin sayının artması müşahidə olunur.
Nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli Fərmanı əsasında miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar vahid informasiya sisteminin (Vahid Miqrasiya Məlumat Sistemi (VMMS)), həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, göstərilən xidmətlərin təkmilləşdirilməsi, elektron xidmətlərə keçidin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması barədə məlumat vermişdir.
P. Musayev qeyd etmişdir ki, Azərbaycan Respublikasında insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərin müddəalarının tətbiqi üçün lazımi siyasi-hüquqi baza yaradılmışdır. Vurğulanmışdır ki, miqrasiya sahəsində vahid qanunvericilik bazasının formalaşdırılması məqsədilə Aİ qanunvericiliyi nəzərə alınmaqla hazırlanmış “Miqrasiya Məcəlləsi”nin layihəsi qəbul olunması üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmişdir. Eyni zamanda, miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və sadələşdirilməsi məqsədilə müvafiq hüquqi aktlara mütəmadi olaraq dəyişikliklər və əlavələr edilir. Belə ki, 2013-cü ilin mart ayında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınmaları üçün onları qəbul edən tərəf 3 gün ərzində müvafiq ərizə-anketi və həmin şəxsin pasportunun surətini poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir. Ərizə daxil olduqdan sonra Dövlət Miqrasiya Xidməti dərhal əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində qəbul edən tərəfə yazılı məlumat verir. Son dəyişikliklərə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ləğv edilmişdir.
Toplantıda təəssüflə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konvensiyanın müddəalarını bütün ölkə ərazisində tətbiq etmək imkanında deyildir. Belə ki, artıq uzun illərdir Azərbaycan torpaqlarının 20%-i - Dağlıq Qarabağ regionu və 7 ətraf rayon Ermənistan Respublikası tərəfindən işğal olunmuşdur. Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikası ərazilərinin işğalı pislənilmiş, bütün işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş rayonlarından tam və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2008-ci ildə keçirilmiş 62-ci plenar iclasında Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiqləyən və Ermənistan silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edən 62/243 saylı qətnamə qəbul etmişdir. P. Musayev bildirmişdir ki, 26 fevral 1992-ci ildə bəşəriyyət tarixinin ən qanlı qətliamlarından olan Xocalı soyqırımı törədilmişdir. Hazırda terrorçuların sığınacaq yerinə çevrilən işğal olunmuş rayonlar narkotiklərin qanunsuz dövriyyəsi və tranziti, silah qaçaqmalçılığı, insan, o cümlədən uşaq alveri, insan orqanlarının transplantasiyası üçün əlverişli məkana çevrilmişdir. Bununla belə, Azərbaycan Respublikası suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.
Məruzədən sonra Komitə üzvlərinin çoxsaylı sualları qanunvericiliyə və görülmüş işlərin nəticələrinə uyğun olaraq cavablandırılmışdır.
Yekunda, Komitə sədri Jose Brillantes geniş və ətraflı məruzəni, sualların dolğun cavablandırılmasını yüksək qiymətləndirmiş, Azərbaycan Respublikasında əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi məsələsinə böyük önəm verildiyini xüsusi olaraq qeyd etmişdir.