“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək” layihəsinin rəsmi açılış mərasimi keçirilmişdir
5 aprel 2013-cü il tarixində “Hyatt Regency” otelində “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək” adlı Avropa İttifaqının Tvinninq layihəsinin ilk rəhbərlik görüşləri keçirilmişdir.
Görüşün məqsədi və gündəliyin müzakirəsi ilə başlanan mərasimdə iştirak edən tərəflər qarşılıqlı görüşdən məmnunluqlarını dilə gətirmiş, miqrasiya sahəsində birgə fikir mübadiləsinin aparılmasının və qarşılıqlı əməkdaşlığın verəcəyi müsbət töhfələrini qeyd etmişdilər.
Daha sonra “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək” adlı Avropa İttifaqının Tvinninq layihəsinin rəsmi açılış mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev çıxış edərək layihə haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, layihənin məqsədi müvafiq qanunvericiliyinin inkişafı istiqamətində Dövlət Miqrasiya Xidmətinin potensialının gücləndirilməsi və bu sahədə Aİ üzv ölkələrinin ən yaxşı təcrübəsinin öyrənilməsinə dəstək olmaqdır. Layihə 1 milyon avrodan artıq büdcəsi ilə Avropa Kommissiyası tərəfindən maliyyələşdirilir və 2015-ci il yanvar ayına qədər davam edəcək. Layihə daxilində 4 komponent mövcuddur. Bunlar qanuni miqrasiya ilə bağlı qanunvericilik və fəaliyyət təlimatları, qanunsuz miqrasiyaya qarşı sistematik mübarizə, təlimlər vasitəsilə bacarıqların artırılması, qanuni miqrasiyanın gücləndirilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə üçün ictimai maarifləndirmə kampaniyasıdır.
P. Musayev qeyd etmişdir ki, layihə Azərbaycan Respublikası ilə Aİ arasında əməkdaşlığı gücləndirmək yolunda mühüm əhəmiyyət daşıyır. Bu Tvinninq layihəsi vasitəsilə Aİ Azərbaycan Respublikasına qanunsuz miqrasiyaya qarşı mübarizənin və qanuni miqrasiya ilə bağlı işin aparılmasının səmərəliliyinə, effektivliyinə imkanlar açır, həmçinin qanunvericiliyin və onun icrasının Aİ insan hüquqları standartlarına uyğunlaşdırılması istiqamətində təcrübənin örənilməsinə yardım edəcəkdir.
Niderland Krallığının Azərbaycandakı səfiri Aryen Peter Uyterlinde layihənin Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlığa öz töhfəsini verəcəyini vurğulamışdır. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı Federiko Berna Tvinninq layihəsinin əhəmiyyətindən bəhs etmişdir. Layihənin əsas tərafdaşı olan Niderland Krallığı tərəfindən layihə rəhbəri, Niderland Krallığının Repatriasiya və Geriqaytarma Xidmətinin baş direktoru xanımRodia Maas çıxışında layihədən gözlənilən nəticələr barədə məlumat vermişdir. Daha sonra digər tərəfdaş ölkə Latviya tərəfdən layihə rəhbəri Yanis Citskovskis və Rumıniya tərəfdən lahiyə rəhbəri Octavian Predescu ölkələrinin miqrasiya haqqında qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması prosesində Latviya və Rumıniya immiqrasiya xidmətlərinin təcrübəsi barədə ətraflı danışmışlar. Həmçinin, Latviya və Rumıniya İmmiqrasiya Xidmətlərinin Aİ standartlarına uyğun fəaliyyət göstərtməsi barədə fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, layihənin həyata keçirilməsində Azərbaycan Respublikası tərəfdən əsas tərəfdaş qurum Dövlət Miqrasiya Xidmətidir. Layihədə Aİ üzv ölkələrindən ARDMX-nə dəstək verəcək qurumlar Niderlandın İmmiqrasiya və Naturalizasiya Xidməti və Repatriasiya və Geriqayıtma Xidməti, Latviyanın Vətəndaşlıq və Miqrasiya İdarəsi, Rumıniyanın isə Baş Miqrasiya Müfəttişliyidir.