Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan silsilə tədbirlər davam etdirilir
20 Aprel 2013-cü ildə Dövlət Miqrasiya Xidmətinin inzibati binasında Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov tərəfindən “Ana dilimizin dövlət dili kimi tətbiqində və imkanlarının genişləndirilməsində Heydər Əliyev şəxsiyyətinin danılmaz rolu” mövzusunda miqrasiya orqanları əməkdaşları üçün növbəti mühazirə keçirilmişdir.
N. Cəfərov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin milli-mənəvi dəyərlərin, eləcədə ana dilimizin qorunmasında və inkişafında gördüyü misilsiz işlərin əhəmiyyətindən bəhs etmişdir. Bildirmişdir ki, hələ sovetlər birliyi dövründə, olduqca mürəkkəb tarixi şəraitdə Ulu öndər Heydər Əliyev Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ilə bağlı tarixi əhəmiyyətli xidmətlər göstərmişdir.
Professor vurğulamışdır ki, müstəqilliyimizin ilk ilində, 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdır. Yalnız Ümummilli liderimiz Heydər Əliyevin Fərmanından sonar ana dilimizin tətbiqi işi daha mükəmməl səviyyədə həyata keçirildi və respublikada bütün yazılı sənədləşmələr latın qrafikası ilə aparıldı. N. Cəfərov bildirmişdir ki, Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli lider ana dilimizi - Azərbaycan dilini özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olundu və onların çox böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi.
Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il tarixli Sərəncamları da öz ictimai-tarixi əhəmiyyətinə görə yüksək qiymətləndirilir. Həmin Sərəncamlara uyğun olaraq 2004-cü ildə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının hazırlanması və çap olunması cənab Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə, elmin və mədəniyyətin inkişafına böyük diqqət və qayğısını bir daha təsdiqlədi.
Qeyd edək ki, Ulu öndərin irsi Dövlət Miqrasiya Xidmətinin Aparatı ilə yanaşı, Regional Miqrasiya İdarələrinin və Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərinin əməkdaşlarına da tədris olunacaqdır.