Dövlət Miqrasiya Xidmətində Birləşmiş Ərəb Əmirlikləri Milli Təhlükəsizlik Ali Şurasının nümayəndə heyəti ilə görüş olub
Birləşmiş Ərəb Əmirlikləri Milli Təhlükəsizlik Ali Şurasının Liman, Sərhəd və Azad Zonaların Təhlükəsizliyi Baş İdarəsinin Baş direktoru Casim Məhəmməd Əz-Zaabinin rəhbərlik etdiyi nümyəndə heyətinin ölkəmizə səfəri çərçivəsində keçirilmiş görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən söhbət açıb. Qərblə Şərqin kəsişməsində yerləşən, hər iki region arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin inkişafında mühüm rol oynayan Azərbaycanın sivilizasiyalararası dialoq platformasına çevrildiyini deyən Xidmət rəisi Birləşmiş Ərəb Əmirliklərinin müvafiq qurumları ilə müxtəlif sahələrdə olduğu kimi miqrasiya sahəsində də səmərəli əməkdaşlıq imkanlarından bəhs edib.
F.Nəbiyev son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ictimai-siyasi, sosial-mədəni həyatın müxtəlif sahələrində beynəlxalq miqyaslı layihələrə uğurla imza atan ölkəmizin “Bakı 2015” birinci Avropa Oyunlarına ev sahibliyi etməsini də Avrasiya coğrafiyasının mərkəzində yerləşən Azərbaycanın nüfuzunun nümunəsi kimi xarakterizə edib. Mədəniyyətlərin qovuşduğu məkan - islam ölkəsi olan Azərbaycanın dünya arenasında tolerantlıq nümunəsi kimi qazandığı nailiyyətlərə toxunan Xidmət rəisi son illər respublikamıza əcnəbilərin artan marağını xüsusi vurğulayıb.
O, Azərbaycana təşrif buyuran xarici vətəndaşların, eləcə də vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasının təmin edilməsi üçün mütərəqqi qanunvericilik bazasının yaradıldığını bildirib.
Səmimi görüşə görə minnətdarlıq edən nümayəndə heyətinin rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri Milli Təhlükəsizlik Ali Şurasının Liman, Sərhəd və Azad Zonaların Təhlükəsizliyi Baş İdarəsinin Baş direktoru Casim Məhəmməd Əz-Zaabi Azərbaycanda gördüyü abadlıq, quruculuq işlərinin, tanış olduğu sosial-iqtisadi inkişafın, mövcud sabitliyin onda zəngin təəssürat yaratdığını söyləyib.
Siyasi, iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə geniş əlaqələrə malik Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq münasibətlərinin gələcəkdə müvafiq dövlət orqanlarının daha sıx əməkdaşlığı üçün yaratdığı imkanlara diqqət çəkilən görüşdə qarşılıqlı maraq döğuran bir sıra məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.