Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə keçirilən Budapeşt Prosesi çərçivəsində “Miqrasiya üzrə İpəkyolu yolu Tərəfdaşlığı”na həsr olunmuş Beşinci Nazirlər Konfransında iştirak etmişdir

19 aprel 2013-cü il tarixdə İstanbul şəhərində Türkiyə Respublikasının sədrliyi ilə Budapeşt Prosesinin 20 illiyinə və “Miqrasiya üzrə İpəkyolu Tərəfdaşlığı” mövzusuna həsr olunmuş Beşinci Nazirlər Konfransı keçirilmişdir. Konfransda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

 

2006-ci ildən Azərbaycan Respublikasının da üzv olduğu Budapeşt Prosesinin Beşinci Nazirlər Konfransını Türkiyənin Daxili İşlər Naziri Muəmmər Gülər açıq elan edərək, Budapeşt Prosesinə qatılan bütün ölkə və beynəlxalq təşkilat nümayəndələrinə konfransa qatıldıqlarına görə təşəkkürünü bildirmiş, onları Asiya ilə Avropanı bir-birilə birləşdirən İstanbulda görməkdən məmnunluğunu dilə gətirmişdir. Budapeşt Prosesinin mahiyyəti barədə ümumi məlumat verən M.Gülər prosesin məqsədinin Avropada tənzimlənməyən miqrasiyanın qarşısının alınması, eyni zamanda mütəşəkkil miqrasiya proseslərini idarəetmə sisteminin yaradılması olduğunu diqqətə çatdırmışdır. M.Gülər Dördüncü Nazirlər Konfransının 2003-cü ildə keçirildiyini, 2006-cı ildən isə Budapeşt Prosesinə Türkiyənin sədrlik etdiyini qeyd etmişdir.

Dünyanın 45 ölkəsindən və 12 beynəlxalq təşkilatdan olan nümayəndələrin iştirak etdiyi konfransda qanuni miqrasiya, miqrasiya və inkişaf, tənzimlənməyən miqrasiya, insan alveri, beynəlxalq himayə, miqrantların insan hüquqları mövzularında məruzələr dinlənilmiş, geniş diskussiyalar aparılmışdır.

Konfransda çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Azərbaycan nümayəndə heyəti adından tədbir iştirakçılarını salamlamış, həmçinin Türkiyə hökumətinə, Macarıstana və Miqrasiya Siyasətinin İnkisafı üzrə Beynəlxalq Mərkəzə Budapeşt prosesinin Beşinci Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə dərin təşəkkürünü bildirmişdir.

 

Xidmət rəisi bildirmişdir ki, öz 20 illik səmərəli fəaliyyəti dövründə Budapeşt Prosesi miqrasiya sahəsində hökumətlərarası dialoqun qurulmasında əhəmiyyətli nəticələrə nail olmuş, müvafiq miqrasiya marşrutları üzərində yerləşən, getdikcə daha çox ölkənin diqqətini cəlb etmişdir. Budapeşt Prosesi miqrasiya siyasətinin idarə olunmasında çeviklik, qeyri-rəsmilik, bərabərlik prinsiplərinə xüsusi diqqət vermiş, bu dialoqu ölkələr arasında informasiya mübadiləsi alətindən daha önəmli mandata malik olan foruma çevirmişdir.

 

Avropa ilə Asiyanın qovşağında mühüm geostrateji mövqeyə malik olan Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri region ölkələri ilə münasibətlərin tənzimlənməsindən, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələrin qurulmasından ibarət olduğunu bildirən Xidmət rəisi Budapeşt Prosesinin dünya dövlətləri ilə əlaqələrin genişləndirilməsində, ölkələrin bir-birinə daha da yaxınlaşmasında və qarşıya çıxa biləcək problemlərin birgə aradan qaldırılmasında əlverişli zəmin yaratdığnı vurğulamışdır.

 

Qeyd edilmişdir ki, Azərbaycan hökuməti tərəfindən 2007-ci ildə yaradılmış Dövlət Miqrasiya Xidməti öz fəaliyyətini miqrantların hüquq və azadlıqlarına hörmət, qanunun aliliyi və humanizm prinsipləri əsasında qurur. Dövlət Miqrasiya Xidməti xarici və daxili miqrasiya proseslərinin düzgün idarə olunmasına nail olmaq üçün dünya ölkələrinin bu sahəyə cavabdeh qurumları və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əsaslarla əməkdaşlığın həyata keçirilməsi işinə xüsusi önəm verir.

 

Budapeşt Prosesinin fəaliyyətində könüllülük, müstəqillik prinsiplərini yüksək dəyərləndirən Xidmət rəisi F.Nəbiyev çıxışını gələcəkdə də bu proses çərçivəsində birgə tərəfdaşlığın miqrasiya tendensiyalarının xüsusiyyətlərini nəzərə almaqla ümumi maraq və prioritet tərəfdaşlıq prinsipləri əsasında qurulacağı fikri ilə tamamlamışdır.

 

Sonda konfrans iştirakçıları tərəfindən miqrasiya sahəsində əməkdaşlığa dair Birgə Bəyannamə qəbul edilmişdir. 

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Beşinci Nazirlər Konfransı çərçivəsində Əfqanıstan İslam Respublikasının Qaçqınlarla iş üzrə naziri Cəmahir Anvari və İraq Respublikasının Miqrasiya məsələləri üzrə nazir müavini Əsgər Əl Musavi ilə ikitərəfli görüşlər keçirmiş, miqrasiya proseslərinin tənzimlənməsi, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və dövlətlərarası qarşılıqlı təcrübənin öyrənilməsi məsələləri müzakirə edilmişdir.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur