Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2015-ci ilin may ayına olan statistik məlumatları

 

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 2015-ci ilin may ayı ərzində miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarəedilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.

Ay ərzində 2254 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanun-vericiliyin tələblərinin pozulması halları müəyyən edilmişdir. Onlardan 15-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunmuş, 166 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 1707 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərketmələri, 366 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilmişdir.

Ümumiyyətlə, ay ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcədə vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 8022 müraciət daxil olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 50246 əcnəbinin müraciəti qeydə alınmışdır.

Bununla yanaşı işə götürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən  əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə Xidmətin müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 13 sahibkarlıq subyektində yoxlamalar aparılmışdır. Keçirilmiş tədbirlər nəticəsində 12 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkar edilmişdir.

Bununla yanaşı Azərbaycanın müxtəlif regionlarında qanunsuz yaşayan əcnəbilərin aşkarlanması, onların qanunvericiliyin tələblərinə uyğun olaraq respublika ərazisində olma və yaşamalarının leqallaşdırılması və sənədləşdirilməsi istiqamətində DMX-nin regional miqrasiya idarələri tərəfindən may ayı ərzində maarifləndirmə tədbirləri davam etdirmişdir. Xaçmaz və Quba rayonlarında məskunlaşmış, eyni zamanda bir qismi qanunsuz yaşayan 46 ailədən olan 84 şəxslə görüş keçirilimişdir.

Sabirabad rayonunda 80 məktəb direktorunun iştirakı ilə keçirilən görüşdə də miqrasiya proseslərinin tənzimlənməsi, Miqrasiya Məcəlləsinə edilmiş əlavə və diyişikliklərlə bağlı, xüsusilə əcnəbi şagirdlərin ölkədə qanuni əsaslarla yaşamalarının  təmin edilməsi zərurəti haqqında izahedici söhbət aparılmışdır.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur