Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Regional Miqrasiya İdarələrində, həmçinin Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilmişdir

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan silsilə tədbirlər keçirilir. Yubiley tədbirləri Dövlət Miqrasiya Xidmətinin Aparatı ilə yanaşı Regional Miqrasiya İdarələrində, həmçinin Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində də təşkil olunmuşdur.

Aprel ayının 30-dan may ayının 7-nə kimi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı, Lənkəran, Yevlax, Şirvan və Xaçmaz Regional Miqrasiya İdarələrində Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilmişdir.

Tədbirlərdə Dövlət Miqrasiya Xidmətinin Aparatının vəzifəli şəxsləri, Regional Miqrasiya İdarələrinin səlahiyyətli nümayəndələri  iştirak etmişlər.

Öncə tədbir iştirakçıları şəhər mərkəzlərinə gələrək Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər düzmüşlər.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Regional Miqrasiya İdarələrində davam etdirilmiş tədbirlərdə Xidmətin vəzifəli şəxsləri tərəfindən “Heydər Əliyevin hakimiyyət konsepsiyasında “Əsrin müqaviləsi” və ya ictimai rifaha xidmət edən dəyər ideyası”, “Azərbaycanın tərəqqisinə həsr edilən ömür”, “Ümummilli lider Heydər Əliyev və miqrasiya prosesləri”, “Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri”, “Həyatını Azərbaycanın şərəfli tarixinə çevirən Şəxsiyyət haqqında” mövzularda söylənilən mühazirələrdə Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövləti üçün gördüyü misilsiz işlərdən, dahi öndərin əvəzolunmaz xidmətlərindən bəhs olunmuşdur. Bildirilmişdir ki, Ümummilli lider bütün ömrünü, fəaliyyətini Azərbaycanın inkişafına və çiçəklənməsinə həsr etmişdir. Dahi liderin əzmkar fəaliyyəti sayəsində Azərbaycan Respublikasının hərtərəfli tərəqqisinin əsası qoyulmuşdur. Onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamızın bütün sahələri inkişaf etmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider  Heydər Əliyev bütün çətinliklərə sinə gərərək Azərbaycan xalqını, dövlətini zamanın ağır sınaqlarından çıxarmışdır.

Qeyd olunmuşdur ki, Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, Azərbaycan Respublikasının müstəqilliyini əbədi və dönməz etmişdir. Ümummilli liderin uzaqgörən siyasi xəttinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla başa vurmuş, inkişafın Azərbaycan modelini yaratmışdır.

8 may 2013-cü il tarixdə Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində də “Ulu öndər Heydər Əliyev məktəbi haqqında” mövzusunda keçirilən mühazirədə dahi liderin Azərbaycanın inkişafındakı əvəzsiz xidmətlərindən bəhs olunmuşdur.

Sonda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunmuşdur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur